main-post-cover

    Samsung Galaxy Note 20 Ultra 5G-nin maya dəyəri nə qədərdir?

    Cihazlar+
    12.09.2020
    Emil Nəcəfov
        Smartfonun pərakəndə qiyməti heç zaman onun real maya dəyərini əks etdirmir. Smartfonun pərakəndə qiyməti ilə real maya dəyəri arasındakı fərq həm böyük həm də cüzi ola bilər. Counterpoint Research şirkətinin analitikləri Galaxy Note 20 Ultra 5G smartfon modelinin daxili komponentlərini incələyərək onların əsl qiymətlərini təyin ediblər. Beləliklə şirkət analitiklərinin hesablamalarına əsasən Galaxy Note 20 Ultra 5G smartfonunun bütün daxili komponentlərinin ümumi qiyməti 468$ təşkil edir.
        Smartfonun ən bahalı komponenti məhz X55 5G modemidir (97.2$). Bahalığına görə ikinci komponent qismində 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.9 düym ekran (91.5$) çıxış edir. Bahalı kompoentlər siyahısının ilk beşliyinə həmçinin Snapdragon 865+ prosessoru (57$), 3 ədəd 12 MP-lik sensordan ibarət olan əsas kamera modulu (60.3$), RAM və daxili yaddaş (ümumi 61.5$) daxildirlər. Smartfonun testinə, S Pen stilusu və şarj cihazı kimi əlavə aksessuarlara və proqram təminatına xərclənmiş vəsaitləri nəzərə alaraq analitiklər belə qənaətə gəliblər ki, Galaxy Note 20 Ultra 5G-nin real maya dəyəri 548$ təşkil edir.
        Bununla yanaşı analitiklər sözügedən smartfonda quraşdırılmış detalların hansı şirkətlər tərəfindən istehsal olunduqları siyahısını da təqdim ediblər. Siyahıda birinci yeri Samsung, ikinci yeri Qualcomm, üçüncü yeri isə Largan Precision şirkəti tutub. Ümumilikdə isə smartfonda 22 şirkət tərəfindən istehsal edilmiş detallar istifadə olunur. Galaxy Note 20 Ultra 5G modelinin satış qiyməti 1299$-dır. 
    Linki kopyala