
Evan Blass adlı məşhur insayder qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra-nın reklam videolarını təqdim edib. Təqdim edilmiş videolar smartfon barəsində daha öncə olmuş bütün məlumat sızıntılarını təsdiqləyirlər. Belə ki, Motorola RAZR 40 Ultra smartfonu böyük ölçülü xarici ekranı ilə diqqəti cəlb edəcək. Xarici ekran arxa panelin yuxarı hissəsini tamamilə əhatə edəcək. Bununla yanaşı smartfon ikili arxa kamera ilə də təchiz olunacaq.
Son məlumat sızıntılarına əsasən Motorola RAZR 40 Ultra 2400x1080 piksel keyfiyyətli 6.9 düym daxili ekran və 1066x1056 piksel keyfiyyətli 3.6 düym xarici ekran ilə təchiz olunacaq. Hər iki ekranın 165 Hz-lik təsvir yenilənməsinə sahib olacağı gözlənilir. Smartfonun özü isə böyük ehtimal ilə Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Motorola RAZR 40 smartfon seriyasının təqdimatı 1 iyun tarixində baş tutacaq.