main-post-cover

    Məşhur analitik: 'Apple daha adi iPhone modellərini yeni prosessorla təchiz etməyəcək'

    Cihazlar+
    06.07.2022
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məşhur analitik Ming Chi-Kuo qeyd etmişdi ki, bu il Apple şirkətinin yeni A16 Bionic prosessorunu yalnız iPhone 14 Pro modelləri əldə edəcəklər. Adi iPhone 14 modelləri isə keçən ilki A15 Bionic prosessoru ilə təchiz olunacaqlar. Analitikin verdiyi yeni məlumata əsasən Apple şirkəti bu məsələdə öz strategiyasını dəyişməyi planlaşdırır və bundan sonra iPhone seriyasının adi modelləri yeni prosessor ilə təchiz olunmayacaqlar. Gözləntilərə əsasən Apple bu il iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro və iPhone 14 Pro Max smartfonlarını təqdim edəcək. Bəzi məlumatlara əsasən adi iPhone 14 modelləri (iPhone 14 və iPhone 14 Max) xarici görünüşcə iPhone 13-ə bənzəyəcəklər və heç bir texniki yenilənmə əldə etməyəcəklər. Lakin iPhone 14 Pro modelləri yeni ekran dizaynını və daha təkmilləşdirilmiş kameraları əldə edəcəklər. Bəzi məlumatlarda qeyd edilib ki, adi iPhone 14 modellərinin RAM yaddaşları yüksəldilə bilər.
        Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan adi iPhone 13 modelləri 4 GB RAM ilə təchiz olunurlar. Əgər Apple şirkəti adi iPhone 14 modellərinin RAM yaddaşlarını yüksəltsə, onlar 6 GB RAM ilə təchiz olunacaqlar. Apple ilk dəfə deyil ki, daha bahalı iPhone modellərinə daha çox diqqət ayırır. Məsələn 2017-ci ildə şirkət tamamilə yeni dizayna və Face ID texnologiyasına sahib iPhone X modelini təqdim etmişdi. iPhone 8iPhone 8 Plus modelləri isə sadəcə olaraq iPhone 7-nin daha təkmilləşdirilmiş versiyaları idilər. Buna baxmayaraq həmin ildə bütün yeni iPhone modelləri A11 Bionic prosessorunu əldə etmişdilər. İndiyənə kimi Apple hər il təqdim etmiş olduğu bütün iPhone modellərini eyni qaydada yeni mobil prosessor ilə təmin edib. Lakin məlumata əsasən bu ənənəyə artıq son qoyulub.
        Ming-Chi Kuo bildirib ki, şirkətin yeni A16 Bionic prosessorunu yalnız iPhone 14 Pro modelləri əldə edəcəklər və bu yeni ənənə növbəti illərdə də davam edəcək. Bu halda adi iPhone modelləri 1 il əvvəlki prosessoru əldə edəcəklər. Daha əvvəlki məlumatlarda qeyd edilirdi ki, bu cür addım mobil prosessor istehsalatında mövcud olan problemlər ilə bağlıdır. Lakin məşhur analitik digər fikrə sahibdir. Analitik qeyd edib ki, adi iPhone 14 ilə iPhone 14 Pro modelləri arasındakı bu cür fərq Pro modelləri alıcılar üçün daha cəlbedici edəcək.
        Yeni prosessorun yalnız Pro versiyalarda istifadə edilməsi alıcıları məhz həmin Pro versiyaları almağa məcbur edəcək. Bu isə öz növbəsində iPhone-nun ümumi ortalama satış qiymətinin yüksəlməsinə və Apple şirkətinin daha çox mənfəət əldə etməsinə gətirib çıxaracaq. Bunda təəccüblü heç bir şey yoxdur. Belə ki, eyni hal iPad modellərində müşahidə edilir. Daha bahalı iPad modellərinin Mac kompüterlərində istifadə olunan prosessorları əldə etdikləri bir vaxtda daha ucuz iPad modelləri iPhone-larda istifadə edilən prosessorları əldə edirlər. Qeyd etmək lazımdır ki, iPhone 14 seriyası bu ilin sentyabr ayında təqdim edilməlidir.
    Linki kopyala