main-post-cover

    LG şirkəti T hərfi formasında dizayna sahib LG Wing smartfonunu təqdim edib

    Cihazlar+
    14.09.2020
    Emil Nəcəfov
        LG şirkəti bu ilin ən qeyri adi smartfonlarından biri olan LG Wing-i təqdim edib. Sözügedən smartfonun əsas özəlliklərindən biri də odur ki, o, iki ekrana sahibdir və ikinci ekran hərəkət mexanizminə sahibdir. Şirkətin verdiyi məlumata əsasən bu cür konstruksiya istifadəçiyə smartfondan müxtəlif istifadə ssenarilərini təqdim edir. Adi formada LG Wing tamamilə standart smartfona bənzəyir və bu halda o, nazik çərçivələri özündə birləşdirən 6.8 düym ekrana sahib olur. Lakin istifadəçi həmin ekranı 90 dərəcə çevirərək 3.9 düym ölçüsündə olan ikinci ekrana keçid edə bilir.
        Nəticədə hər bir ekranda müxtəlif tətbiqlər işə düşə bilər. Digər istifadə ssenarisinə əsasən ekranlar bir-birilərini tamamlaya da bilərlər. Məsələn, 90 dərəcə çevrilmiş ekranda video, ikinci ekranda isə videonun idarəetmə düymələri əks oluna bilərlər. Lakin LG Wing-dən ən ideal istifadə ssenarisi məhz video çəkilişidir. Bu halda smartfon əl stabilizatoru rolunu imitasiya edir. Bunun üçün smartfonun kamera tətbiqində xüsusi çəkiliş rejimi mövcuddur.
        Əsas texniki göstəricilərə gəldikdə isə LG Wing smartfonu 5G dəstəkli Snapdragon 765G prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 64 MP (optik stabilizasiyalı) + 12 MP (ultragenişbucaqlı sensor) + 12 MP üçlü arxa kamera, 32 MP-lik hərəkətli ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. İlkin növbədə LG Wing yalnız ABŞ-ın mobil operatorlarının istifadəçiləri üçün satışa çıxacaq. Smartfonun qiyməti barəsində isə heç bir məlumat verilməyib.
    Linki kopyala