main-post-cover

    Kamera istehsalı ilə məşğul olan Leica şirkəti Leitz Phone 2 adlı yeni smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    10.11.2022
    Emil Nəcəfov
        Kamera istehsalı ilə məşğul olan məşhur Leica şirkəti keçən il Yaponiyanın Softbank holdinqi ilə birlikdə Leitz Phone 1 smartfonunu təqdim etmişdi. İndi isə həmin smartfonun davamçısı olan Leitz Phone 2 təqdim olunub. Leitz Phone 1 modeli kimi Leitz Phone 2 modeli də Sharp smartfonu əsasında hazırlanıb. Söhbət, Sharp Aquos R7 smartfonundan gedir. Leitz Phone 2 isə ondan sadəcə xarici görünüşü və proqram təminatı ilə fərqlənir. Texniki göstəricilər baxımından isə hər iki smartfon eynidir. Beləliklə Leitz Phone 2 modeli 240 Hz-lik təsvir yenilənməsinə sahib 2730x1260 piksel keyfyyətli 6.6 IGZO OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir. Bundan əlavə olaraq ekran Dolby Vision texnologiyasını dəstəkləyir və özündə barmaq izi skanı texnologiyasını birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Leitz Phone 2 smartfonu Snapdragon 8 Gen 1 prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 47.2 MP + 1.9 MP ikili arxa kamera, 12.6 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Bununla yanaşı onun gövdəsi IP68 standartı üzrə sudan qorunur. Leitz Phone 2 18 noyabr tarixində satışa çıxacaq və 1540$-a satılacaq. Onun hələ ki, yalnız Yaponiyada satılması planlaşdırılır.
    Linki kopyala