main-post-cover

    Huawei Kirin prosessorlarının alternativini tapıb: Şirkət smartfonlarında hansı CPU-lar olacaq?

    Cihazlar+
    04.11.2020
    Emil Nəcəfov
        Yeni ABŞ sanksiyaları səbəbilə bu ilin sentyabr ayından istehsalat prosesində patentləşdirilmiş ABŞ texnologiyalarından istifadə edən istehsalçılar Huawei şirkəti ilə əməkdaşlıq edə bilməzlər. Məhz bu səbəbdən də şirkət özünün Kirin prosessorlarından imtina etməli oldu. Kirin prosessorlarının istehsalı ilə TSMC şirkəti məşğul olurdu və həmin prosessorların istehsalında ABŞ texnologiyalarından istifadə edirdi. Lakin Çindən olan kütləvi informasiya vasitələri xəbər veriblər ki, Huawei artıq Kirin prosessorlarına alternativ variant tapıb.
         Bu barədə IThome saytı xəbər verib. Məlumata əsasən Huawei öz smartfonlarında 5G dəstəkli MediaTek Dimensity prosessorlarından istifadə edəcək. Məlumatda qeyd olunub ki, yeni ABŞ sanksiyalarının qüvvəyə minməsindən öncə Huawei çoxlu sayda MediaTek prosessoru sifariş edə bilib. MediaTek şirkətinin üçüncü rüb üzrə maliyyə hesabatı da bunu təsdiqləyib. Belə ki, keçən ildəki eyni vaxt ilə müqayisədə bu il MediaTek-in mədaxil və təmiz gəlir göstəriciləri 45% ilə 94% artıb. Şirkətin özü bildirir ki, bu cür nailiyyət Dimensity platformasının məşhurluğu ilə bağlıdır. 
    Linki kopyala