main-post-cover

    Google şirkətinin 2025-ci ilə kimi təqdim edəcəyi Pixel məhsulları məlum olub

    Cihazlar+
    23.12.2022
    Farid Pardashunas
        İnsayderlər Google şirkətinin 2025-ci ilə kimi təqdim edəcəyi cihazların yol xəritəsini təqdim edib. Onların sözlərinə əsasən artıq yaxın gələcəkdə şirkət qatlana bilən smartfonlarla bağlı təcrübələrini aparacaq və Pixel seriyasına daxil olan cihazlar siyahısını bir qədər genişləndirəcək. Beləliklə verilmiş məlumata əsasən Google şirkəti gələn il ilk qatlana bilən smartfonunu təqdim edəcək. Çox güman ki, smartfon Pixel Fold adını əldə edəcək. Məlumatda qeyd edilib ki, Google şirkətinin ilk qatlana bilən smartfonu kompakt ölçüyə sahib olacaq və xarici görünüşcə OPPO Find N Fold adlı qatlana bilən smartfona bənzəyəcək. Bundan əlavə olaraq Google şirkətinin qeyri-rəsmi yol xəritəsində Lynx kod adına sahib cihaz əks olunub.
        Çox güman ki, söhbət, Pixel 7a smartfonundan gedir. Pixel Fold ilə Pixel 7a Google şirkətinin gələn ilki Google I/O tədbirində təqdim oluna bilər. Şirkətin gözlənilən daha bir yeni məhsulu isə Pixel Tablet adlı planşet modeli olacaq. Hələ bir neçə gün bundan öncə sözügedən planşetin real fotoları ortaya çıxmışdı. Gələn il şirkət həmçinin Pixel 8 smartfon seriyasını təqdim edəcək. Gözləntilərə əsasən sözügedən smartfon seriyasına daxil olacaq modellər Google şirkətinin 3-cü nəsil Tensor prosessoru vasitəsilə çalışacaqlar. Şirkətin yol xəritəsinə əsasən o, 2024-cü ildə Pixel 8a smartfonunu təqdim edəcək.
        Lakin alıcılar gələn ilki Pixel 7a modelinə böyük maraq göstərməsələr, Google nəticədə Pixel 8a-dan ümumiyyətlə imtina edə bilər. 2024-cü ildə əlavə olaraq Pixel 9 smartfon seriyasının təqdim ediləcəyi gözlənilir. Məlumata əsasən adi Pixel 9 modeli 6.3 düym, Pixel 9 Pro isə 6.7 düym ekrana sahib olacaq. Şirkətin 2025-ci ilə olan planları siyahıda olan daha öncəki məhsulların nə dərəcədə uğurlu olacaqlarından asılıdır. Gözləntilərə əsasən Google Galaxy Z Flip 4-ə bənzəyən smartfon təqdim etməyi planlaşdırır. Çox güman ki, Google şirkətinin Pixel cihazlarını əhatə edən bu yol xəritəsi bu və ya digər məhsulun uğurlu olub-olmaması nəticəsində dəyişəcək. Buna görə də bu məlumatlara bir qədər şübhə ilə yanaşmaq lazımdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər