
Bill Gates-in investisiya fondu CO2 emissiyasının aşağı salınması üçün ABŞ hökuməti ilə olacaq birgə layihələrə 1.5 milyard dollar investisiya ayıracaq. Bunun üçün ABŞ Konqressi CO2 emissiyasını aşağı salan texnologiyaların yaradılması üzrə proqramı qəbul etməlidir. Söhbət, bu həftə ölkə infrastrukturunun inkişafı üçün nəzərdə tutulmuş 1.2 trilyon dollar vəsaitin ayrılması üzrə ABŞ senatının qəbul etdiyi plandan gedir. İndi isə bu qanun layihəsi konqressin təmsilçilər palatası tərəfindən təsdiq olunmalıdır.
Bill Gates-in investisiya fondu iqlim dəyişikliyinə səbəb olan parnik qazları emissiyalarının aşağı salınması üçün nəzərdə tutulmuş layihələrə 3 il ərzində 1.5 milyard dollar investisiya yatıra bilər. Potensial olaraq investisiya əldə edəcək layihələrə misal olaraq təyyarələr üçün aşağı emissiyalı yanacaqları və havadan CO2-ni uda bilən texnologiyaları gətirmək olar.
“Bütün bu iqlim texnologiyaları üçün olan əsas məsələ xərclərin aşağı salınması və onların miqyaslarının böyüdülmə mümkünlüyüdür. Əgər hökumət doğru siyasət ilə hərəkət etməsə, siz heç zaman bu cür nəticələr əldə edə bilməyəcəksiniz. Düzgün siyasət isə infrastruktur üzrə qanun layihəsinə daxil olan məsələlərdir” - deyə Bill Gates bildirib.
Bill Gates-in investisiya fondunun idarəsi ilə məşğul olan Breakthrough Energy adlı təşkilat qanun layihəsinin qanun səviyyəsində qəbul edilməyəcəyi halda çox güman ki, böyük layihələrin maliyyələşdirmə prosesini Avropa və Asiyaya köçürəcək. Bill Gates ümid edir ki, 1.5 milyard dollar dəyərində olan investisiya digər investorların ümumilikdə 15 milyard dollar vəsait yatıracaqlarına stimul verəcək.