main-post-cover

    Samsung-un flaqman smartfonlarının təhlükəsizlik sistemlərində çox ciddi boşluq aşkar edilib

    Təhlükəsizlik
    06.01.2021
    Emil Nəcəfov
        Müasir smartfonlar təkmilləşdirilmiş biometrik autentifikasiya sistemləri ilə təchiz olunurlar. Bu sistemlər istifadəçilərin özəl məlumatlarının etibarlı qorunması imkanını verirlər. Lakin məlumdur ki, ideal təhlükəsizlik sistemi mövcud deyil. Samsung smartfonları ilə baş vermiş vəziyyət bunu bir daha sübut edir. Belə ki, məlum olub ki, Samsung-un Galaxy Note 20 modellərini istənilən şəxs blokdan çıxarda bilər. Bu barədə 4pda saytı xəbər verib. Sözügedən sistem boşluğu barəsində Samsung-un təhlükəsizlik üzrə yanvar yenilənməsindən məlum olub.
        Həmin yenilənmədə bildirilib ki, Galaxy Note 20 smartfonlarının barmaq izi skanı texnologiyalarında olmuş qeyri normal davranış aradan qaldırılıb. Problemin məğzi ondan ibarətdir ki, kənar şəxs öz barmağını Galaxy Note 20 smartfonları vasitəsilə skan edərək smartfonları blokdan çıxara bilər. Sözügedən problem əsasən öz smartfonlarının ekranlarına qoruyucu örtük vurdurmuş istifadəçilərdə müşahidə edilib. Qeyd etmək lazımdır ki, bu cür problem həmçinin 2019-cu ildə də müşahidə edilmişdi. Beləliklə Galaxy Note 20 modellərinin istifadəçilərinə təcili şəkildə yanvar ayının təhlükəsizlik yenilənməsini yükləmələri məsləhət görülür.
    Linki kopyala