main-post-cover

    Samsung serverləri hack edilib: İstifadəçilərin bəzi özəl məlumatları oğurlanıb

    Təhlükəsizlik
    05.09.2022
    Emil Nəcəfov
        Samsung şirkəti etiraf edib ki, iyul ayında onun serverləri hack edilib. Hackerlər tərəfindən reallaşdırılmış kiberhücum çərçivəsində istifadəçilərin bəzi özəl məlumatları oğurlanıb. Şirkət bildirib ki, bilinməyən üçüncü tərəf istifadəçilərin bəzi özəl məlumatlarını şirkətin ABŞ-dakı bir sıra serverini hack etməklə əldə edə bilib. İstifadəçilərin özəl məlumatlarının oğurlandığından şirkət 4 avqust tarixində xəbər tutub. Bununla yanaşı Samsung bildirib ki, hackerlər istifadəçilərin kredit kartlarının məlumatlarını oğurlaya bilməyiblər.
        Oğurlanmış məlumatlar arasında istifadəçilərin adları, doğum tarixləri, demoqrafik məlumatları, bəzi kontakt məlumatları, Samsung məhsullarının qeydiyyat məlumatları yer alıblar. “Oğurlanmış məlumatların həcmi hər bir istifadəçi üçün fərqli ola bilər. Hal hazırda biz, məlumatları oğurlanmış istifadəçiləri bu məsələ ilə bağlı məlumatlandırırıq” - deyə Samsung qeyd edib. Samsung təmsilçisi bildirib ki, oğurlanmış məlumatlar arasında demoqrafik məlumatlar dedikdə şirkət marketinq məqsədlərində istifadə edilən məlumatları nəzərdə tutur. Lakin bura hansı növ məlumatların daxil olduğu barəsində məlumat verilməyib.
        Qeyd edilib ki, texniki dəstəyin və zəmanət servisi imkanlarının əldə edilməsi üçün istifadəçilər tərəfindən Samsung-a təqdim edilən qeydiyyat məlumatları özlərində bu və ya digər məhsulun alınma tarixi, cihazın modeli və ID nömrəsini birləşdirirlər. İyul ayında baş vermiş kiberhücum nəticəsində Samsung şirkətinin hansı sayda istifadəçisinin zərər çəkdiyi barəsində məlumat verilməyib. Samsung-un bu məsələni hansı səbəbə görə məhz indi açıqladığı da qeyd edilməyib. Bu, cari il ərzində Samsung serverlərinin hack edilməsi üzrə ikinci hadisədir. Belə ki, mart ayında şirkətin serverləri Lapsus$ adlı hacker qruplaşmasının kiberhücumuna məruz qalmışdı.
    Linki kopyala