
Kornell Universitetinin mütəxəssisləri süni zəka əsaslı qeyri-adi proqram təminatını yaradıblar. Yaradılmış proqram təminatı istifadəçinin klaviaturada kliklədiyi düymələrin səslərini bu və ya digər cihazdakı mikrofon vasitəsilə analiz edə bilir. Bunun sayəsində süni zəka alqoritmi istifadəçi kompüterinin klaviaturasının vizual görüntüsünə sahib olmadığı halda klaviatura vasitəsilə yazılan mətni yüksək dəqiqliklə təyin edə bilir. Yaradılmış bu süni zəka alqoritminin təlimatlandırılması MacBook Pro noutbukunun klaviaturası vasitəsilə reallaşdırılıb.
Mütəxəssislər 36 müxtəlif düyməni 25 dəfə klikləyərək klikləmə səslərini iki üsul ilə yazıblar. Birinci halda səslər smartfon mikrofonu vasitəsilə, ikinci halda isə Zoom tətbiqi üzərindən yazılıb. Süni zəka alqoritmi isə öz növbəsində klikləmələr zamanı yaranan siqnalların formaları arasındakı kiçik fərqləri təyin edə bilib. Nəticədə alqoritm bu və ya digər anda hansı düymənin klikləndiyini təyin edib. Mütəxəssislər bildiriblər ki, klikləmə səslərinin hər iki halda yazılma üsulu çərçivəsində süni zəka alqoritminin sərgilədiyi nəticələr yüksək olub.
Belə ki, klikləmə səslərinin smartfondakı mikrofon vasitəsilə yazılması halında alqoritm 95%-lkik dəqiqlik, Zoom tətbiqi üzərindən yazılması halında isə 93%-lik dəqiqlik sərgiləyib. Bununla yanaşı mütəxəssislər bildiriblər ki, istifadəçinin mətnin dərc edilməsi üsulunu dəyişdiyi halda dəqiqlik göstəriciləri aşağı düşə bilər. Üstəlik süni zəka alqoritminin iş prosesinə kənar səs-küylər də mane ola bilərlər. Lakin alqoritm həm mexaniki həm də ənənəvi klaviaturalar halında yaxşı çalışa bilir. Mütəxəssislərin sözlərinə əsasən daha çox elektron cihaza mikrofonların inteqrasiya edilməsi və deep learning sistemlərinin inkişafları yeni növ kiberhücumların reallaşdırılmasına səbəb olacaq.