main-post-cover

    İstifadəçilər saxta kriptovalyuta tətbiqləri sayəsində külli miqdarda pul itiriblər

    Təhlükəsizlik
    08.07.2021
    Emil Nəcəfov
        Lookout Threat Lab şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri kriptovalyuta mayninqi ilə bağlı 200-ə yaxın zərərli Android tətbiq aşkar ediblər. Aşkar edilmiş tətbiqlərdən bəziləri hətta Google Play vasitəsilə yayılırmış və 10.000-lərlə istifadəçi bu tətbiqlərin qurbanına çevrilib. Şirkətin təqdim etdiyi hesabata əsasən ümumilikdə 170 ədəd zərərli tətbiq aşkar edilib və onlardan 25-i Google Play-də aktiv olub. Aşkar edilmiş tətbiqlər mayninq ilə bağlı olublar və guya istifadəçilərə kriptovalyutaların mayninqi məsələsində bulud servis təqdim ediblər. Aydın məsələdir ki, əslində sözügedən tətbiqlər bu cür xidmətlər təqdim etməyiblər. Məlumatda qeyd edilib ki, 93.000 istifadəçi bu dələduz tətbiqlərin qurbanına çevrilib.
        Zərərli tətbiqlərin yüklənməsi və onlarda əlavə funksionallığın əldə olunması üçün istifadəçilər dələduzlara ümumilikdə 350.000$ vəsait ödəyiblər. Təbii ki, vəsaitləri ödədikdən sonra istifadəçilər qeyd edilmiş funksiyaların çalışmadıqlarının şahidi olublar. Mütəxəssislər bu hadisədən xəbər tutaraq Google şirkətinə müraciət ediblər. Şirkət isə Google Play-də yayılmış 25 zərərli tətbiqi dərhal silib. Mütəxəssislərin sözlərinə əsasən bu cür tətbiqləri aşkar etmək qəliz məsələdir. Belə ki, onlar faktiki olaraq heç bir zərərli əməliyyatı yerinə yetirmirlər. Çox zaman isə onlar ümumiyyətlə heç bir əməliyyatı yerinə yetirmirlər. İstifadəçilər isə tərtibatçıların boş sözlərinə inanaraq onlara pul ödəyirlər. Buna görə də smartfona tətbiqin quraşdırılması zamanı istifadəçilər diqqətli olmalıdırlar.
    Linki kopyala