main-post-cover

    Donald Trump-ın sosial şəbəkəsi istifadəyə verilməmişdən öncə artıq hack edilib

    Təhlükəsizlik
    24.10.2021
    Farid Pardashunas
        Anonymous adlı məşhur hacker qruplaşması Donald Trump tərəfindən təsis edilmiş TRUTH Social adlı sosial şəbəkəni hack edib. Qeyd etmək lazımdır ki, sözügedən sosial şəbəkənin gələn ay istifadəyə verilməsi planlaşdırılır. Lakin buna baxmayaraq hackerlər sosial şəbəkənin sisteminə daxil olmağı bacarıblar. Verilmiş məlumata əsasən Donald Trump-ın sözügedən sosial şəbəkəni elan etməsindən 5 saat sonra hackerlər onun beta versiyası üçün ehtiyat yolu aşkar ediblər və sosial şəbəkənin sisteminə daxil olandan sonra orda istifadəçi hesabları yaratmağa başlayıblar. Anonymous hacker qruplaşmasının yaradıcılarından biri olan Aubrey Cottle bu sosial şəbəkədə qeydiyyat linkini öz Twitter hesabında paylaşıb və nəticədə istifadəçilər TRUTH Social-da məşhur şəxslərin saxta istifadəçi hesablarını yaratmağa başlayıblar.
        Yaradılmış saxta istifadəçi hesabları arasında Donald Trump-ın və Twitter CEO-su Jack Dorsey-nin hesabları var. Daha sonra sosial şəbəkənin administrasiyası sözügedən saxta istifadəçi hesablarını bloklamağa başladı və nəticədə platformanı müəyyən müddətlik deaktiv etməli oldu. Aubrey Cottle-nin sözlərinə əsasən hackerlər sosial şəbəkənin mobil versiyası barəsində məlumatı Apple Store-da tapandan sonra TRUTH Social-a daxil ola biliblər. Hackerlər bu cür hərəkəti rasizm, neonasizm və insanlarda nifrətin oyadılmasına qarşı mübarizə ilə əlaqələndiriblər.
        Bundan əlavə olaraq hackerlər bildiriblər ki, TRUTH Social-ın proqram təminatında Mastodon adlı sosial şəbəkənin mənbə kodu mövcuddur. Nəticədə Mastodon-un təsisçisi Yevgeni Roçko Trump Media and Technology Group (TMTG) şirkətini öz sosial şəbəkəsinin mənbə kodundan istifadədə günahlandırıb. Hüquqların qorunması təşkilatı olan Software Freedom Conservancy isə TMTG tərəfindən olan qanun pozuntusunu təsdiqləyib. Beləliklə TRUTH Social 30 gün ərzində lisenziya şərtlərini yerinə yetirməli və öz proqram təminatında dəyişiklikləri reallaşdırmalıdır. Əks halda problem həll olunmayana kimi TRUTH Social-a keçid bloklanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər