main-post-cover

    Xiaomi yeni MIUI funksiyası sayəsində köhnə smartfonlarını sürətləndirə biləcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    29.04.2021
    Farid Pardashunas
        Digital Chat Station ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən Xiaomi şirkəti MIUI istifadəçi interfeysinin unikal yenilənməsi üzərində çalışır. Bir neçə il bundan öncə satışa çıxmış smartfonların istifadəçiləri həmin yenilənmədən istifadə edərək öz cihazlarının performanslarını artıra biləcəklər. Söhbət, virtual yaddaş texnologiyasından gedir. Bu texnologiyanın əsas ideyası böyük RAM göstəricisinə sahib olmayan (3-4 GB) cihazın daxili yaddaşının bir hissəsinin virtual yaddaş sistemində ehtiyatının yaradılması hesabına cihazın sürətləndirilməsindən ibarətdir.
        Maraqlısı ondadır ki, Android əməliyyat sisteminin nüvəsi virtual yaddaşın genişləndirilməsinə imkan verir. Lakin bu cür funksiya standart olaraq aktiv deyil. Qeyd etmək lazımdır ki, virtual yaddaş texnologiyası daha öncə bir sıra smartfon istehsalçısı tərəfindən istifadə olunsa da, texniki standartlar statusunu əldə edə bilməmişdi. Xiaomi-nin bu cür funksiyanı MIUI-də nə zaman reallaşdıracağı barəsində məlumat verilməyib. Güman edilir ki, sözügedən funksiya ilk növbədə MIUI-nin test versiyasında istifadəyə veriləcək və daha sonra MIUI-nin stabil versiyasına inteqrasiya ediləcək.
    Linki kopyala