main-post-cover

    Windows 11-i köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    28.08.2021
    Emil Nəcəfov
        Microsoft şirkəti istifadəçilərin narazılıqlarını nəzərə alaraq elan edib ki, Windows 11 əməliyyat sistemini köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq. Lakin bu halda istifadəçilər bəzi çətinliklərlə qarşılaşacaqlar. Qeyd etmək lazımdır ki, Windows 11-in təqdimatı zamanı Microsoft-un bu əməliyyat sistemi üçün səsləndirmiş olduğu sistem tələbləri istifadəçilər arasında narazılıqlarla qarşılanmışdı. Belə ki, hətta bir qədər güclü kompüterlərin istifadəçiləri də yeni əməliyyat sisteminin quraşdırılması şansından məhrum olmuşdular. Şirkət bunu təhlükəsizliyi yüksək səviyyədə düşünməsi ilə əlaqələndirmişdi və bildirmişdi ki, o, köhnə kompüterlərə yeni əməliyyat sisteminin quraşdırılması üzrə mövcud olacaq bütün üsullarla mübarizə aparacaq.
        Lakin şirkətin yeni elanına əsasən Windows 11-i hətta yeni əməliyyat sistemi ilə uyğunlaşmayan prosessorlara sahib kompüterlərə də quraşdırmaq mümkün olacaq. Lakin bu halda istifadəçilər yenilənmə mərkəzi vasitəsilə Windows 10-dan Windows 11-ə keçid edə bilməyəcəklər. Buna görə də köhnə kompüterlərin istifadəçiləri Windows 11-in ISO formatını yükləməli və onu fərdi şəkildə quraşdırmalı olacaqlar. Bundan əlavə olaraq Microsoft Windows 11 ilə bağlı yeni testlər aparandan sonra dəstəklənən prosessorlar siyahısına Intel Core X, Xeon W seriyalarının prosessorlarını və Intel Core 7820HQ prosessorunu əlavə edib. AMD prosessorlarına gəldikdə isə birinci nəsil Ryzen modelləri avtomatik yenilənməni dəstəkləməyəcəklər.
    Linki kopyala