main-post-cover

    MIUI 13 istifadəçi interfeysi təqdim olunub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    28.12.2021
    Emil Nəcəfov
        Xiaomi şirkəti yeni MIUI 13 istifadəçi interfeysini təqdim edib. Lakin bu dəfə Xiaomi Apple şirkətinin yolu ilə gedib. Belə ki, MIUI 13-ün smartfonlar üçün olan versiyasından əlavə olaraq planşetlər üçün nəzərdə tutulmuş versiyası da təqdim edilib. İstifadəçiləri yeni MIUI 13-də böyük olmayan vizual dəyişikliklər, daha yüksək səviyyəli təhlükəsizlik və müxtəlif cihazların bir-biriləri ilə yaxşılaşdırılmış qarşılıqlı əlaqələri gözləyir. Şirkət MIUI 13-ün hazırlanması zamanı əsas diqqətini optimizasiyaya ayırıb. Nəticədə istifadəçi interfeysinin MIUI 12.5 ilə müqayisədə tətbiqlərdəki axıcılığı 15-25%, interfeysin öz axıcılığı isə 20-26% yüksəlib. Bundan əlavə olaraq sözügedən istifadəçi interfeysinə sahib smartfondan 36 aylıq istifadənin sonunda sistemin performansı yalnız 5% aşağı düşür. MIUI 13 üçün tərtibatçılar MiSans adlı tamamilə yeni şrift hazırlayıblar. O, əvvəlki şriftdən daha kompaktdır və buna görə də smartfon ekranında daha çox məlumatın əks olunması imkanını verir.
        Bundan əlavə olaraq şirkət istifadəçi interfeysindəki vidjetlərin qlobal yenilənmələrini reallaşdırıb. Belə ki, MIUI 13-dəki vidjetlər iOS-in son versiyalarındakı vidjetləri xatırladırlar. Lakin iOS-dəki vidjetlərdən fərqli olaraq MIUI 13-dəki vidjetlərlə müxtəlif cür qarşılıqlı əlaqədə olmaq olar. MIUI 13-də müxtəlif cihazların bir-biriləri ilə qarşılıqlı əlaqələri özəlliyi yaxşılaşdırılıb. Müxtəlif cihazlar dedikdə smartfonlar, planşetlər, smart saatlar, smart televizorlar, smart ev sisteminə daxil olan cihazlar və s. nəzərdə tutulur. Sözügedən cihazlar bir-birilərinə daha sadə şəkildə qoşulurlar və istifadəçinin konkret anda hansı cihaza sahib olmasından asılı olmayaraq daha çox imkandan istifadə edə biləcək.
        Mi Magic Center funksiyası isə kontentin bir cihazdan digərinə maksimal dərəcədə rahat şəkildə ötürməyə imkan verir. MIUI 13-də reallaşdırılmış əsas yeniliklərdən biri də RAM yaddaşının genişləndirilməsi funksiyasıdır. Bundan əlavə olaraq istifadəçi interfeysində enerjiyə qənaət rejimi yaxşılaşdırılıb və təhlükəsizlik məsələsində yeni funksiyalar əlavə edilib. Planşetlər üçün nəzərdə tutulmuş MIUI 13 Pad-ə gəldikdə isə o, böyük ekranlı cihazlar üçün optimizasiya edilib. Xiaomi-nin verdiyi məlumata əsasən artıq 3000-ə yaxın tətbiq MIUI 13 Pad üçün optimizasiya edilib. Sözügedən istifadəçi interfeysinin özündə istifadə olunan tətbiqlərin pəncərələrinin ölçülərini dəyişmək və onları ekran üzərində müxtəlif istiqamətlərdə hərəkət etdirmək mümkündür.
        Bu baxımdan istifadəçi interfeysi kompüterlər üçün nəzərdə tutulmuş əməliyyat sistemlərini xatırladır. Bundan əlavə olaraq MIUI 13 Pad-də xarici klaviaturaların dəstəklənmələri özəlliyi yaxşılaşdırılıb və müxtəlif düymə kombinasiyalarının istifadəsi əlavə edilib. Bugündən başlayaraq MIUI 13 Xiaomi Mix 4, Mi 11, Mi 11 Pro, Mi 11 Ultra, Mi 11 Lite 5G, Redmi K40 ProRedmi K40 smartfonlarında beta test şəklində aktivləşdirilir. Gələn ay isə istifadəçi interfeysinin stabil versiyası Xiaomi 12, 12 Pro, 12X, Mi 11, Mi 11 Pro və Mi 11 Ultra smartfonları üçün istifadəyə veriləcək. Aprel ayında şirkət qatlana bilən Xiaomi Mix Fold üçün MIUI Fold interfeysini təqdim edəcək.
    MIUI 13
    Linki kopyala