main-post-cover

    iOS 16 və macOS 13 Ventura əməliyyat sistemləri təqdim olunub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    07.06.2022
    Emil Nəcəfov
        Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2022 konfransı çərçivəsində iOS 16 macOS 13 Ventura əməliyyat sistemlərini təqdim edib. İlk öncə iOS 16-dan başlayaq. iPhone modelləri üçün olan yeni əməliyyat sistemində reallaşdırılmış əsas yeniliklərdən biri də bloklanmış ekranın tamamilə yenilənmiş versiyasıdır. Bununla belə əməliyyat sistemində digər yeniliklər də reallaşdırılıb. Apple şirkətinin verdiyi məlumata əsasən iOS 16-da istifadəçiləri bloklanmış ekran ilə bağlı ən böyük yenilənmə gözləyir. Belə ki, şirkət bloklanmış ekranın ayarlanması üzrə imkanları genişləndirib. Məsələn istifadəçi öz istəyinə uyğun olaraq bloklanmış ekranda əks olunan məlumatların rənglərini və şriftlərini dəyişə və o cümlədən ekranda əks olunan temaya uyğun olan müxtəlif tərzləri seçə bilər. Bundan əlavə olaraq bloklanmış ekrana vidjetləri əlavə etmək imkanı reallaşdırılıb. Bunun sayəsində istifadəçilər iPhone modellərini blokdan çıxartmadan hava proqnozunu, qeyd edilmiş təqvim hadisələrini və s. məlumatları görə bilərlər.
        Bloklanmış ekrana yerləşdirilmiş temanın bildirişlər tərəfindən zəbt edilməməsi üçün onlar ekranın aşağı hissəsində karusel şəklində əks olunacaqlar. Rellaşdırılmış digər yenilik isə Live Activities adlı vidjetlərlə bağlıdır. Bunun sayəsində istifadəçilər iPhone modellərini blokdan çıxartmadan real zaman ərzində müxtəlif məlumatları izləyə bilərlər. Məsələn sözügedən vidjetlər vasitəsilə istifadəçilər sifariş edilmiş taksinin yerləşdiyi yeri və ya hansısa futbol matçında olan hesabı izləyə biləcəklər və bunun üçün smartfonu bokdan çıxartmağa ehtiyac qalmayacaq. Bununla yanaşı istifadəçlər müxtəlif bloklanmış ekran versiyalarını yarada bilərlər. Bu halda hər bir yaradılan boklanmış ekran üçün nəzərdə tutulmuş vidjetləri, tərzi və s. seçmək mümkün olacaq. Messages tətbiqinə 3 yeni funksiya əlavə edilib. Həmin funksiyalar istifadəçilər tərəfindən çoxdan gözlənilirdi. Belə ki, istifadəçilər sözügedən tətbiq vasitəsilə göndərilmiş mesajları redaktə edə biləcəklər.
        Bundan əlavə olaraq göndərilmiş mesajın ləğv edilməsi özəlliyi reallaşdırılıb. Həmçinin istifadəçilər cavab verilməsi lazım olan çatları qeyd edə biləcəklər. Bunun vasitəsilə onlar həmin çatlarda cavab yazmağı unutmayacaqlar. Bu cür çatlar xüsusi ikon ilə qeyd ediləcəklər və siyahının yuxarı hissəsində yerləşəcəklər. iOS 16-da mətnin şifahi formada nəql ediməsi ilə yazılı formada qeyd edilməsi arasında keçid çox axıcı reallaşdırlıb. İstifadəçi bu və ya digər mətni şifahi tərzdə nəql edən zaman istənilən an yazılı tərzə keçid edə bilər. Və ya istifadəçi daxil edilmiş mətnin bu və ya digər hissəsini seçib onu şifahi tərzdə nəql edilən mətn ilə əvəz edə bilər. Keçən il təqdim edilmiş Live Text funksiyası yeni özəlliklər əldə edib. Belə ki, bundan sonra təkcə fotolarda olan mətnləri deyil həmçinin videolardakı mətnləri də kopyalamaq və ya tərcümə etmək mümkün olacaq. Bunun üçün sadəcə olaraq videonu dayandırmaq və onda əks olunan mətnin üzərinə klikləmək lazım olacaq.
        Bununla yanaşı istifadəçilər fotoda olan hər hansısa bir obyektə klikləməklə onu kəsərək hansısa sənədə əlavə edə və ya mesaj kimi göndərə bilərlər. iOS 16-ya Apple Pay Later adlı yeni funksiya əlavə edilib. Sözügedən funksiya alınmış məhsulu 4 bərabər ödənişə bölmək imkanını verir. Apple bu funksiya barəsində ətraflı məlumat verməsə də qeyd edib ki, o, Apple Pay-in keçərli olduğu hər yerdə çalışacaq. Bununla yanaşı şirkət bu ödəniş üsulu üzərindən faiz əldə etməyəcək və istifadəçinin ödənişi gecikdirdiyi halda heç bir cərimə tətbiq etməyəcək. Apple CarPlay servisini ciddi şəkildə yeniləyib. Bundan sonra sözügedən servis məlumatları avtomobildə mövcud olan bütün ekranlarda əks etdirə biləcək.
        Faktiki olaraq Apple CarPlay avtomobilin öz fərdi sistemini tamamilə əvəz edir. Servis idarə panelini, xəritələri əks etdirə və avtomobil idarəsinin bütün funksiyalarını təqdim edəcək. Bundan əlavə olaraq istifadəçi bütün bunları öz zövqünə görə ayarlaya biləcək. Məsələn o, idarə panelinin klassik dizaynını seçə və onun tərzini dəyişə bilər. Abunə olunmuş servislərin abunəliklərini iOS 16-da Family Share funksiyası vasitəsilə 5 müxtəlif insanla bölüşmək mümkündür. Bununla belə abunəliyin bölüşüldüyü insanlar arasında uşaqların olduqları zaman onlar üçün hansı kontentlərin göstərilib-göstərilməyəcəyini də təyin etmək olar. iCloud Photo Shared Library funksiyası 5 müxtəlif insan üçün ümumi foto albom yaratmağa imkan verir. Apple şirkəti iOS 16-nı əldə edəcək iPhone mdoellərinin siyahısını təqdim edib. Siyahı aşağıdakı kimidir:
    - iPhone 11 seriyası
    - iPhone 12 seriyası
    - iPhone 13 seriyası
    - iPhone XS və XS Max
    - iPhone XR
    - iPhone X
    - iPhone 8 və 8 Plus
    - iPhone SE (2020) və iPhone SE (2022).
        İndi isə keçək macOS 13 Ventura əməliyyat sisteminə. Sözügedən əməliyyat sistemi redizayn olunmuş interfeys ilə yanaşı əməliyyat sistemindən komfortlu istifadə üçün nəzərdə tutulmuş yeni funksiyalar əldə edib. Əlavə edilmiş yeni funksiyalar həmçinin əməliyyat sisteminin oyun imkanlarını və iPhone modelləri ilə qarşılıqlı əlaqə özəlliklərini genişləndirir. macOS 13 Ventura-da reallaşdırılmış əsas vizual yeniliklərdən biri də Stage Manager adlı funksiyadır. Sözügedən funksiya eyni anda bir neçə tətbiq pəncərəsi ilə çalışmaq imkanını verir.
        Stage Manager istifadəçi tərəfindən istifadə edilən aktiv tətbiq pəncərəsini ekranın mərkəz hissəsində yerləşdirir. Bu halda digər fon tətbiqlərinin ikonları ekranın sol hissəsində yerləşirlər və istifadəçi istənilən an həmin siyahıdan olan bu və ya digər tətbiqə sürətli keçidi reallaşdıra bilər. Bundan əlavə olaraq eyni anda bir neçə tətbiq pəncərəsinin açılması da mümkündür. Əməliyyat sisteminin Spotlight adlı sistem axtarışı da yenilənib. Onun ikonu ana səhifənin aşağı hissəsində yerləşdirilib. Sözügedən sistem axtarışının alqoritmi fotolar kitabxanasından lazımi fotoları tapa bilir. Bununla yanaşı alqoritm bu və ya digər fotoda əks olunmuş mətn, obyekt, səhnə və insanlar üzrə də axtarış reallaşdıra bilir.
        Safari brauzerinə ümumi qovluqlar funksiyası əlavə edilib. Sözügedən funskiya insanların birgə şəkildə bu və ya digər layihə üzərində çalışmalarına imkan verir. Həminin brauzer ənənəvi şifrələrə alternativ olaraq biometrik açarların dəstəyini əldə edib. Hal hazırda Face ID və ya Touch ID ilə avtorizasiya funksiyası bu funksiyanı dəstəkləyən məhdud sayda olan saytda dəstəklənir. macOS 13 həmçinin FaceTime zənglərinin iPhone-dan Mac və ya əksinə köçürtməyə imkan verir. Bundan əlavə olaraq yeni əməliyyat sistemi iPhone-nu veb kamera qismində istifadə etməyi mümkün edir. macOS 13 Venturanı əldə edəcək kompüterlərin siyahısı aşağıdakı kimidir:
    - MacBook Air (2018 və ondan sonrakı modellər)
    - MacBook Pro (2017 və ondan sonrakı modellər)
    - MacBook (2017 və ondan sonrakı modellər)
    - iMac və iMac Pro (2017 və ondan sonrakı modellər)
    - Mac Pro (2019 və ondan sonrakı modellər)
    - Mac mini (2018 və ondan sonrakı modellər).
    Linki kopyala