main-post-cover

    Huawei-dən yeni EMUI 11 istifadəçi interfeysi: Nə kimi dəyişikliklər var?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    11.09.2020
    Emil Nəcəfov
        Huawei Developer Conference tədbiri çərçivəsində şirkət yenilənmiş EMUI 11 istifadəçi interfeysini təqdim edib. İstifadəçi interfeysinin 11-ci versiyasında tərtibatçılar əsas diqqəti sistemin xarici görünüşünə, multitasking imkanlarına və konfidensiallığa ayırıblar. Tərtibatçılar EMUI 11-də estetik özəlliklər ilə yanaşı həmçinin praktik istifadəyə də önəm veriblər. Vizual dəyişikliklərin sayı az olsa da onlar sistemlə qarşılıqlı əlaqəni daha komfort edir. Məsələn, Huawei dizaynerləri EMUI-də bütün animasiyaları 11-ci versiyada sıfırdan yaradıblar. Bunun üçün şirkət mütəxəssisləri istifadəçilərin gözlərinin hərəkət istiqamətlərini incələyiblər. Bununla da onlar istifadəçilərin ekranda daha çox hansı hissəyə baxdıqlarını müəyyən ediblər. Nəticədə sistemdəki animasiyalı obyektlər ekranın mərkəz hissəsində yerləşdiriliblər. Bu səbəbdən də istifadəçi öz gözü ilə vacib nəyisə qaçırtmadan olmuş dəyişiklikləri hiss edə bilir.
        AMOLED ekranların əsas özəlliklərindən biri də təkmilləşdirilib. Söhbət, Always on Display funksiyasından gedir. Belə ki, sözügedən funksiyaya bir çox başlıq fotolar əlavə olunub. Hətta dinamik fotolar da. Həmin fotolar bloklanma ekranında əks olunacaqlar. EMUI 11-in daha maraqlı özəlliklərindən biri də vibrasiya alqoritmlərinin bildirişlər və daxil olan zənglərin melodiyaları ilə sinxronlaşdırılmasıdır. Beləliklə vibrasiya səsi musiqi melodiyası ilə eyni anda səslənərək sistemin müxtəlif elementlərinin bütövlüyü hissini yaradır. EMUI 11-də multitasking imkanlarına böyük diqqət ayrılıb. Belə ki, çox pəncərəli Smart Multi- Window rejimi təkmilləşdirilib. Bu rejim əvvəlki kimi işə düşür. Yəni istifadəçi ekranın istənilən hissəsindən swype edərək bu rejimi işə sala bilər. Bu jest kənar paneli ortaya çıxardır və istifadəçi həmin paneldə lazımi tətbiqləri yerləşdirə bilər. İstəyə uyğun olaraq həmin paneldən rahatlıqla hansısa tətbiqi adi pncərə formatında işə salmaq mümkündür.
        Bütün bunlar əvvəlki EMUI versiyalarında da mövcud idi. Lakin EMUI 11-də pəncərənin ölçüsü istifadəçi tərəfindən təyin edilir. Məsələn, oyun oynayan və ya filmə baxan zaman istifadəçi ekranda kiçik pəncərə yerləşdirərək orda hansısa messenceri işə sala bilər. İstəyə uyğun olaraq istifadəçi həmin kiçik pəncərəni ikona çevirərək ekranın bir küncündə saxlaya bilər. Planşetlər və Mate Xs kimi böyük ekranlı cihazların ekranlarındakı bu cür kiçik pəncərələrdə iki tətbiqi yerləşdirmək imkanı yaradılıb. Aktiv olan tətbiqlər arasında kontentlərin daşınılması da çox rahatdır. Məsələn, brauzerdə hansısa mətni seçərək onu sadəcə olaraq bir toxunuşla qeydlər bölməsinə daşımaq olar. Ortaya çıxan smart pəncərələr də bu üsul ilə çalışırlar. Məsələn, yeni mesaj barəsində bildiriş gələn zaman istifadəçi həmin bildirişi yuxarıdan aşağı istiqamətə swype edərək sürətli cavab üçün kiçik pəncərəni işə sala bilər. Bu cür üsulla hansısa videoya baxan zaman rahat mesajlaşmaq olar.
        EMUI 11-də Multi-screen Collaboration rejimi 3.0 versiyasına kimi yenilənib. Bundan sonra mobil tətbiqləri kompüterdə işə salan zaman eyni vaxtda 3 pəncərə aktivləşəcək və istifadəçi onlarla rahat şəkildə qarşılıqlı əlaqədə ola biləcək. Məsələn, smartfon kamerası ilə hansısa sənədin fotosu çəkilir və onun mətni artıq kompüterdə işə düşür. Əgər bu rejimdə çalışan zaman smartfona audio və ya videozəng daxil olarsa, istifadəçi kompüterin mikrofonundan və kamerasından istifadə edərək elə kompüter vasitəsilə cavab verə bilər. Dəstəklənən noutbuklar arasında hələ ki, Huawei və Honor noutbuklarıdır. Lakin tərtibatçılar qeyd ediblər ki, bu funksiyanı digər brendlərin noutbuk modellərinə də rahatlıqla inteqrasiya etmək mümkündür. EMUI 11-də konfidensiallıq mövzusunda bir sıra yeniliklər reallaşdırılıb.
        Belə ki, yeni funksiyalar sayəsində tətbiqlər artıq həmişə cihazın mikrofonundan, kamerasından və geolokasiyasından istifadə edə bilmirlər. İstifadəçi bu cür icazəni bir dəfə üçün və ya tətbiqdən istifadə zamanı verə bilər. Nəticə etibarilə tətbiqlər fon rejimində smartfonun mikrofonundan, kamerasından və ya geolokasiyasından istifadə edə bilməzlər. Gallery tətbiqində albomların gizlədilməsi özəlliyi reallaşdırılıb. Bununla yanaşı fotoların göndərilməsi zamanı cihazın modeli və fotonun çəkildiyi yer də daxil olmaqla EXIF məlumatlar silinirlər. Qeydləri həmçinin şifrə və ya barmaq izi skanı ilə bloklamaq mümkündür. Video və ya digər kontenti televizorda əks etdirən zaman daxil olan mesajlar və ya zənglər yalnız smartfonda əks olunacaqlar. EMUI 11-in beta versiyası artıq aktivdir. Aşağıdakı siyahıda olan Huawei smartfonları ilə planşet istifadəçiləri yeni istifadəçi interfeysinin beta versiyasını artıq yoxlaya bilərlər.
    - Huawei P40
    - Huawei P40 Pro
    - Huawei P40 Pro+
    - Huawei Mate 30
    - Huawei Mate 30 5G
    - Huawei Mate 30 Pro
    - Huawei Mate 30 Pro 5G
    - Huawei Mate 30 RS Porsche Design
    - Huawei MatePad Pro
    - Huawei MatePad Pro 5G.
    Linki kopyala