main-post-cover

    Google Android 12 Go Edition əməliyyat sistemini təqdim edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    15.12.2021
    Emil Nəcəfov
        Oktyabr ayında Android 12 istifadəyə verildi. Daha sonra Google şirkəti böyük ekranlı cihazlar üçün nəzərdə tutulmuş Android 12L-i təqdim etdi. İndi isə şirkət zəif texniki özəlliklərə sahib smartfonlar üçün nəzərdə tutulmuş Android 12 Go Edition əməliyyat sistemini təqdim edib. Beləliklə şirkətin verdiyi məlumata əsasən Android 12 Go Edition-da tətbiqlərin daha sürətlə işə salınması özəlliyi reallaşdırılıb. Google tərtibatçılarının sözlərinə əsasən Go Edition-da tətbiqlər 30% daha sürətlə işə düşürlər. Tətbiqin işə düşmə animasiyaları əməliyyat sisteminin əvvəlki versiyalarından fərqli olaraq daha hamar baş verir. Bundan əlavə olaraq tərtibatçılar tərəfindən aparılmış optimizasiya sayəsində Go Edition vasitəsilə çalışan smartfonlar Android 11 vasitəsilə çalışan smartfonlarla müqayisədə daha az enerji sərfiyyatına sahibdirlər.
    Google Android Go
        Əməliyyat sisteminin sözügedən versiyasında veb səhifələrdəki kontentlərlə qarşılıqlı əlaqə prosesi daha da sadələşdirilib. Əməliyyat sistemində olan Nearby Share funksiyası vasitəsilə kontentlərin tətbiqlərdə paylaşılması imkanı da həmçinin yaxşılaşdırılıb. Google tərtibatçıları Go Edition-da istifadəçilərin konfidensiallıqlarına da diqqət yetiriblər. Belə ki, əməliyyat sistemi kənar tətbiqlərin smartfon ekosistemində əldə etdikləri məlumatların səviyyələrini idarə etməyə imkan verən geniş ayarları təqdim edir. Android 12 Go Edition versiyasının ayarlarında xüsusi statistika bölməsi mövcuddur.
    Google Android Go
        Həmin statistikada müxtəlif tətbiqlərin bu və ya digər smartfon funksiyası üzərində idarəetməni əldə etmələri barəsində məlumatlar əks olunur. İstifadəçi həmçinin bu və ya digər tətbiqin smartfon kamerasından və ya mikrofonundan istifadə edib-etmədiyini də biləcək. Belə ki, bu barədə məlumat kiçik indikator şəklində smartfon ekranının yuxarı sağ hissəsində əks olunacaq. Google bildirib ki, Android 12 Go Edition əməliyyat sisteminə sahib ilk smartfonlar 2022-ci ildə satışa çıxacaqlar.
    Google Android Go
    Linki kopyala