main-post-cover

    Əfsanəvi Winamp playeri yeni dizaynda geri qayıdır

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    19.11.2021
    Emil Nəcəfov
        2000-ci illərin əvvəllərində kompüterlərdə çox məşhur olmuş Winamp playeri geridönüşə hazırlaşır. Player artıq veb sayta, yeni loqoya və istifadəçilərin beta testdə iştirak etmələri üçün abunəliyə sahibdir. Məlumatda qeyd edilib ki, playerin yenilənmiş versiyasını yaxın zamanda test etmək mümkün olacaq. Winamp-ın inkişafı 2007-ci ildə 5.5 nömrəli versiyanın istifadəyə verilməsi ilə dayandırılmışdı. Həmin vaxta kimi isə Winamp lokal audio fayllara qulaq asmaq üçün nəzərdə tutulmuş ən məşhur alətlərdən biri idi. Sözügedən player həmçinin animasiyalı vizual effektləri ilə də məşhur idi. 2018-ci ilin oktyabr ayında Winamp 5.8 internetə sızdırılandan sonra playerin tərtbatçıları sızdırılmış versiyanı Winamp.com saytına yerləşdirməyə qərar vermişdilər.
        Bu üsul ilə tərtibatçılar istifadəçilərə nostalji hisslər yaşatmışdılar. Winamp-ın sahibi olan Radionomy şirkəti player ilə bağlı böyük planlara sahib olduğunu bildirsə də həmin vaxtdan Winamp-ın bir dənə də olsun yeni versiyası təqdim olunmamışdı. Verilmiş məlumata əsasən bu həftə Winamp.com saytının dizaynı yenilənib və playerin özü yeni loqo əldə edib. Bundan əlavə olaraq istənilən istifadəçi playerin saytına daxil olaraq yeni Winamp-ın beta testində iştirak üçün abunə ola bilər. Yenilənmiş Winamp yaxın zamanda istifadəyə verilməlidir. Test mərhələsində playerin hansı versiyasının təqdim ediləcəyi bilinmir. Bundan əlavə olaraq playerdə hansı dəyişikliklərin və yeniliklərin olacağı barəsində də məlumat yoxdur.
    Linki kopyala