
Son məlumatlara əsasən Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını bu il təqdim edəcək. İndi isə şirkət tərəfindən təqdim edilmiş açıq mənbəli kod sayəsində qarışıq reallıq cihazının sahib olacağı yeni əməliyyat sisteminin adı məlum olub. Apple GitHub servisində tərtibatçılar üçün nəzərdə tutulmuş açıq mənbəli kodunu yeniləyib. Yenilənmiş açıq mənbəli kodda artıq mövcud olan iOS, macOS və WatchOS ilə yanaşı həmçinin realityOS və Reality Simulator adları aşkar edilib.
9to5mac saytı öz növbəsində açıq mənbəli kodu analiz edərək onda realityOS adının olduğunu təsdiqləyib. Gözləntilərə əsasən şirkətin ilk qarışıq reallıq cihazının əldə edəcəyi əməliyyat sistemi məhz realityOS adlanacaq. Qeyd etmək lazımdır ki, Apple hələ 2021-ci ildə ABŞ-ın patentləşdirmə qurumunda realityOS adlı əmtəə nişanını qeydiyyatdan keçirtmişdi. Gözləntilərə əsasən Apple öz ilk qarışıq reallıq cihazını iyun ayında baş tutacaq WWDC 2023 konfransı çərçivəsində təqdim edəcək.