main-post-cover

    Apple şirkəti köhnə iPhone modellərini iOS 15-in eksklüziv funksiyalarından məhrum edəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    15.06.2021
    Emil Nəcəfov
        iOS 15 əməliyyat sisteminin iPhone 6s modeli üçün də təqdim olunacağına baxmayaraq onun bir çox funksiyaları yalnız yeni model iPhone-larda dəstəklənəcək. Beləliklə Apple şirkəti iOS 15-in yeni funksiyalarının tam şəkildə dəstəklənəcəyi iPhone modellərinin siyahısını təqdim edib. Təqdim olunmuş siyahıya əsasən iOS 15-ün bütün funksiyalarını dəstəkləyəcək modellər arasında A12 Bionic və daha yeni prosessora sahib modellər var. Bura iPhone XS, iPhone XR, iPhone 11, iPhone 11 Pro, iPhone SE (2020), iPhone 12, iPhone 12 Pro və s. modellər daxildirlər. Daha əvvəlki iPhone modellərinə sahib istifadəçilər isə iOS 15-in aşağıdakı yeni funksiyalarından istifadə edə bilməyəcəklər:
    - FaceTime tətbiqində daha dolğun səs funksiyası. Bu funksiyanın aktivləşdirilməsindən sonra videozəngdə iştirak edənlərin səsləri elə səslənir ki, sanki onlar yaxınlıqda yerləşirlər
    - FaceTime tətbiqində portret rejimi. Bu rejim arxa fonun bulanıq düşməsinə şərait yaradır
    - Apple Maps tətbiqində Globus rejimi. Bu rejimdə detallı dağ silsilələri, səhralar, meşələr və okeanlar əks olunurlar
    - Artırılmış reallıq funksiyası vasitəsilə piyada marşrutların tərtib edilməsi
    - Fotolar üzrə vizual axtarış
    - Hava proqnozu əsasında dinamik animasiyalı fonlar
    - Cihazda nitqin emal olunması
    - Wallet tətbiqinə rəqəmsal açarların əlavə edilməsi.
        Bundan əlavə olaraq Apple şirkəti iPhone 12 və iPhone 12 Pro modelləri üçün eksklüziv olacaq funksiyaları da açıqlayıb. Belə ki, bu iPhone modellərinin istifadəçiləri iOS 15-ə keçid edəndən sonra onlar hərəkətdə olan obyektin geometrik təhriflərinin daha yaxşı korreksiyasına imkan verən panoram fotolar funksiyasını əldə edəcəklər. Bundan əlavə olaraq bu smartfonların istifadəçiləri 5G şəbəkələrindən daha geniş istifadə imkanlarına sahib olacaqlar. Bura iCloud-da ehtiyat kopyalama və mobil trafikin prioritetlərinin idarəsi funksiyaları daxildir. Bununla yanaşı Dolby Atmos texnologiyası iPhone 6s və iPhone SE modellərində dəstəklənməyəcək. Qeyd etmək lazımdır ki, iOS 15-in stabil versiyasının payız fəslində istifadəyə veriləcəyi gözlənilir.
    Linki kopyala