
iOS 17 ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17-ni də təqidm edib. iOS 17-də olduğu kimi iPadOS 17-də də o qədər də çox yenilik reallaşdırılmayıb. iPad planşetlərindən istifadə produktivliyi və multitasking məsələsində isə iPadOS 17-də ümumiyyətlə heç bir anons olmayıb. Beləliklə iPadOS 17-də reallaşdırılmış əsas yeniliklərdən biri də bloklanmış ekranın ayarlanmasıdır. Keçən il bu funksiya iOS 16-da təqdim edilmişdi. iPhone istifadəçiləri kimi iPad istifadəçiləri də bloklanmış ekranda əks olunan saatın tərzini dəyişə və əlavə olaraq bloklanmış ekrana müxtəlif vidjetlər əlavə edə biləcəklər.
Hansı iPad modelləri iPadOS 17-ni əldə etməyəcəklər?
Qeyd etmək lazımdır ki, iPadOS 17-də vidjetlər interaktiv olublar. Yəni onlara daxil olmadan onlarla qarşılıqlı əlaqədə olmaq mümkündür. Təqdimat çərçivəsində Apple əsas diqqətini iPadOS 17-də PDF faylların dəstəklənməsi imkanına ayırıb. Məsələn bundan sonra istifadəçilər iPadOS 17 çərçivəsində PDF fayllara kontakt məlumatlarını əlavə edə biləcəklər. Bununla yanaşı istifadəçilər birgə şəkildə hər hansısa PDF fayl üzərində çalışa biləcəklər.
iPadOS 17-də Safari brauzerində istifadəçilər bundan sonra iki istifadəçi hesabı yarada biləcəklər. Onlardan biri iş üçün digəri isə şəxsi istifadə üçün nəzərdə tutulacaq. İstifadə ediləcək hər bir hesab öz fərdi baxış tarixçəsinə, qovluqlara və s. məlumatlara sahib olacaq. Bununla yanaşı video zənglər zamanı istifadəçi iPad-ə qoşulu olan monitorun veb kamerasından istifadə edə biləcək. iPadOS 17-nin tərtibatçılar üçün nəzərdə tutulmuş versiyası artıq istifadəyə verilib. Onun ictimai beta testinə isə gələn ay start veriləcək.