
iPhone istifadəçiləri iOS 17-ni gözlədikləri bir vaxtda artıq internetdə iOS 18 barəsində ilk məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən Apple şirkəti iOS 18 çərçivəsində Siri səsli köməkçisi üçün böyük yenilənməni planlaşdırır. Məlumatda qeyd edilib ki, Apple tərtibatçıları Siri-ni çoxmərhələli qəliz tapşırıqların yerinə yetirilməsini öyrədəcəklər. Məsələn Siri fotolar çəkə, çəkilmiş fotoları GIF animasiyalara çevirə və əldə edilmiş nəticəni messencer vasitəsilə göndərə biləcək. Bütün bunlar bir əmr çərçivəsində reallaşdırılacaq. Apple həmçinin Siri-nin çalışma sürətini və nitqləri tanıma özəlliyini yaxşılaşdırmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, iOS 18-in gələn ilin yay fəslində baş tutacaq WWDC 2024 konfransı çərçivəsində təqdim olunacağı gözlənilir.