main-post-cover

    2021-ci ildən köhnə Android versiyalı smartfonlarda bir çox saytları yükləmək mümkün olmayacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    09.11.2020
    Emil Nəcəfov
        Smartfon istehsalçılarının öz cihazlarını yeni Android versiyalarına keçirtmələrində olan aktivliyə baxmayaraq bir çox modellər hələ də köhnə Android versiyaları vasitəsilə çalışırlar. Yeni Android versiyalarının olmadıqları cihazlardan istifadə edən istifadəçilər yaxın zamanda ciddi problemlə qarşılaşa bilərlər. Belə ki, gələn ilin əvvəlindən başlayaraq bu cür cihazlarda bir sıra saytlara daxil olmaq mümkün olmayacaq. Bu barədə Mashable saytı xəbər verib.
        Dünyanın aparıcı sertifikatlaşdırma mərkəzlərindən olan Let’s Encrypt 2021-ci ilin yanvar ayından başlayaraq özünün SSL sertifikatlaşdırmasına keçid edəcək. Qeyd etmək lazımdır ki, qlobal şəbəkənin bütün domenlərinin 30%-i məhz bu sertifikatlaşdırma mərkəzinin xidmətlərindən istifadə edir. Daha əvvəl ISRG Root X1 sertifikatı IdenTrust DST Root CAA X3 sertifikatı ilə birləşdirilmişdi. Bu sertifikat isə bir çox əməliyyat sisteminin dəstəyinə sahibdir.
        Lakin bu razılaşmanın müddətinin bitməsi ilə köhnəlmiş brauzerlər və əməliyyat sistemləri Let’s Encrypt sertifikatlarından istifadə edən saytlarla çalışmayacaqlar. Praktik cəhətdən bu o deməkdir ki, Android 7.1.0 və daha köhnə Android versiyalara sahib olan cihazlar ISRG Root X1 sertifikatına sahib saytları yükləyə bilməyəcəklər. Statistikaya əsasən bu problem bazarda olan smartfonların 33.8%-ni əhatə edəcək. Yeni smartfon modelinin alınmasına alternativ olaraq köhnə cihaz istifadəçisi Mozilla Firefox brauzerindən istifadə edə bilər. Belə ki, bu brauzer özündə köklü sertifikatları saxlaya bilir. 
    Linki kopyala