main-post-cover

    "The Fate of the Furious" filmi (İCMAL)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Vaxtı ikən rejissor Rob Cohen, jurnallardan birində küçə yarışları haqqında yazı oxumuşdu. Daha sonra o, həmin yarışları öz gözləri ilə müşahidə etmişdi. Gördüklərindən sonra Rob Cohen-in ağlına çox maraqlı bir fikir gəlir və o, küçə yarışlarına aid film çəkməyi qərara alır. Nəticədə 2001-ci ildə "The Fast and the Furiousfilmi izləyicilərə təqdim olundu. Onu demək lazımdır ki, ilk film, gəlir cəhətdən çox uğurlu oldu və Vin Diesel, Paul Walker kimi aktyorların məşhurlaşmasına səbəb oldu. 2003-cü ildə isə "2 Fast 2 Furious” filmi böyük ekranlara çıxdı. Görünür bu filmi hazırlayan müddətdə filmin yaradıcıları bilmirdilər ki, birinci film nəyə görə izləyicilərin xoşuna gəlmişdi. Nəticədə ikinci film, birinci qədər uğur qazanmadı. Bu seriyada ən az gəlir gətirmiş "The Fast and the Furious: Tokyo Drift” filmindən sonra deyəsən yaradıcılar sonunda anladılar ki, Vin Diesel-i geri qaytarmaq lazımdır. Çünki o, bütün seriyanın ikonasıdır. Əslində bu film seriyasının icmalını etmək nə dərəcədə düzgündür bilmirəm. Səbəb isə ondan ibarətdir ki, film seriyası artıq çoxdan məntiq dediyimiz xüsusiyyətdən çox uzaqlaşıb. Bu seriyanın hər bir filminə baxan zaman, onda nəsə məntiq axtarmaq lazım deyil. Əgər əylənmək və xoş zaman keçirtmək istəyirsinizsə, deməli bu film sizin üçündür. Yox əgər siz realizm axtarışındasınızsa, onda "Fast and the Furious” sizlik deyil. Lakin maraqlısı ondan ibarətdir ki, hər bir film reallıqdan nə dərəcədə uzağ, nə dərəcədə məntiqsiz olsa belə, izləyicilər bu filmləri həmişə izləyəcəklər. Çünki onlar fiziki qanunlara tabe olmayan avtomobilləri, partlayışları, sonu bilinməyən yol ilə təqibdə olan avtomobillərə baxmağı sevirlər. Yadınızdadırsa 2014-cü ildə "Need for Speed” filmi böyük ekranlara çıxmışdı. O, gəlir cəhətdən o qədər də uğurlu olmadı. Çünki filmdə hər şey real idi. Orda göydən düşən avtomobillər və ya böyük partlayışlar yox idi. Təbii ki, auditoriyanın tələbatını nəzərə alsaq bu cür film onun marağını cəlb etməyəcək. Məhz bu cür filmlər arasında "Fast and the Furious” seriyası həmin tələbatın standart qaydalarını yazır. 7-ci filmi izləyəndən sonra mən düşünmüşdüm ki, bu seriyanın finalı məhz bu film olmalıdır. Əgər 7-ci hissə ilə seriya yekunlaşsaydı, onda hər kəs məşhurluğun ən pik nöqtəsində ayrılacaqdılar. Lakin bu Hollywood-dur. Əgər hansısa bir film seriyası yüksək gəlir gətirmək bacarığına sahibdirsə, deməli ardı gələcək. Məncə 8-ci hissənin yaradılmasında əsas məqsədlərdən biri, bu seriyanın aktyor Paul Walker-siz də davam edə biləcəyini nümayiş etdirmək idi. Qeyd edim ki, 2013-cü ildə məşhur aktyor vəfat etdi və onun vəfat etməsinə görə hətta 7-ci hissənin çəkilişləri ləngidi.
    8-ci film nədənsə "The Fate of the Furiousadlanır. Qısaca onun süjet xətti barədə məlumat verim. Deməli 7-ci hissədəki hadisələrdən sonra hər kəs normal həyatına qayıdır. Dominik öz sevgilisi Letty ilə Kubada istirahət edirlər. Lakin heç planlaşdırılmamış bir görüş və bəzi səbəblər, Dominik-i, öz ailəsi hesab etdiyi komandaya xəyanət etməsinə məcbur edir. Hətta trailerdən anlamaq mümkün idi ki, Dominik səbəbsiz yerə öz komandasına xəyanət etməyib. Yəni onun çox ciddi səbəbləri var. Bu baxımdan filmin süjet xətti "wow” effekti yaratmır və o, bayağı klişelerdən ibarətdir. Nəyə görə bayağı? Çünki bu cür süjet xətti gedişatlarını biz müxtəlif filmlərdə çox görmüşük. Lakin bir tərəfdən bu cür film seriyası üçün süjet xətti o qədər də önəmli deyil. İzləyici bu filmə, adrenalin dolu səhnələri görmək üçün gedir. Süjet bayağı olsa belə heç kim buna fikir verməyəcək. Personajlara gəldikdə isə onlar həmişəki yerlərindədirlər. Bir fərq isə ondan ibarətdir ki, Jason Statham-ın canlandırdığı obraz Deckard Shaw, Dominik-in komandasına qatılır. Keçən filmdə bütün komanda üzvlərini öldürməyə çalışmış və hətta onlardan birini öldürmüş bir insanı komandaya qəbul etmək hansı məntiqə uyğun gəlir bilmirəm. Lakin buna baxmayaraq Jason Statham ilə Dwayne Johnson dueti, filmdə çox maraqlı alınıb və ən çox məhz bu duet sevindirir. Digər personajlar haqqında nəsə demək lazım deyil. Onlar əvvəlki seriyalardakı kimi öz rollarını standart şəkildə canlandırıblar. Bu seriyanın bütün hissələrində olmuş baş mənfi obrazlar heç zaman yadda qalan olmayıb və onlar xarizmatik cəhətdən bir-birilərindən heç nə ilə fərqlənməyiblər. 8-ci film də istisna olmadı. Bu dəfə isə mənfi obrazı aktrisa Charlize Theron canlandırıb. O, Cipher adlı kiberterrorçu obrazını oynayıb. Fikrimcə filmin yaradıcıları bu dəfə fərqlilik olsun deyə baş mənfi obrazı məhz qadın cinsində təqdim ediblər. Lakin bunun elə də əhəmiyyəti yoxdur. Çünki, Charlize Theron-un da personajı digər hissələrdəki mənfi obrazlardan heç nə ilə fərqlənmir. Sadəcə onun məqsədləri fərqlidir. Seriyanın əsas ikonu olan Vin Diesel. Daha əvvəlki filmlərdə gördüyümüz o brutal və soyuqqanlı personaj Dominik Toretto-nun, yeni filmdə nədənsə birdən-birə aktyorluq qabiliyyətləri qazanaraq dram obrazını canlandırmağa çalışdığını görürük. Hətta vəziyyət o dərəcəyə çatır ki, Vin Diesel,  filmin bəzi anlarında göz yaşı belə axıdır. Filmin yumor hissi ilə olan hissəsi isə yüksək səviyyədədir. Təqdim olunmuş zarafatlar çox gülməli və yerində işlədilmişdir. Onlar, adrenalin dolu səhnələrdən dincəlməyə imkan verir.
    İndi isə gələk ən maraqlı hissəyə. Filmdəki adrenalin və action dolu səhnələr. 7-ci filmdə avtomobillərin təyyarədən düşməsi və bir göydələndən digərinə uçması səhnələrini gördükdən sonra heç təsəvvür belə edə bilmirdim ki, 8-ci filmdə rejissor bizi nə ilə təəccübləndirəcək. Düzünü desəm action səhnələr barədə filmdən çox gözləntilərim var idi. Lakin bu baxımdan 8-ci film, 7-ci filmdən geridə qalır. Filmin sonuna yaxın olan buzlu ərazidə avtomobillərin təqibi isə 6-cı filmdəki sonu görünməyən təyyarə zolağındakı təqibə bənzəyir. Lakin bu dəfə təyyarəni əvəz edən sualtı gəmidir. Əslində film yaradıcılarının fantaziyalarına heyranam. Buzlu ərazidə Lamborghini markalı avtomobilin idarə olunması nə dərəcədə məntiqsizdirsə, sualtı gəminin də baş qəhrəmanları təqib etməsi bir o qədər məntiqsizdir. Hətta bir müddət bundan öncə növbəti illərdə çıxacaq yeni filmlərdə hadisələrin kosmosa keçirilməsi barəsində zarafatlar da gəzirdi. İndi bunun həqiqətən olacağını təsəvvür edin. Gördüklərimizdən sonra belə bir qərar məncə heç kimi təəccübləndirməz. Əslində hər şey buna doğru gedir. Hər yeni filmin anonsu zamanı fikir yaranır ki, yaradıcılar bu dəfə izləyiciləri nə ilə təəccübləndirəcəklər? Əvvəlki filmlərdə əldə olunmuş nəticəni necə keçmək olacaq? Hər yeni film ilə onlar, öz əvvəlki nailiyyətlərini keçməyə çalışırlar və bu müəyyən mənada mümkün olur. Vin Diesel bu film seriyasının əsas ikonası hesab edilir. Lakin ikinci ikonası olmuş Paul Walker-siz yeni film necə görünür? Bu baxımdan məncə yaradıcıların əsas məqsədlərindən birinin yerinə yetirilməsi mümkün olmayıb. Çünki film boyu nəyinsə əskik olduğunu hiss edirsən. Film bitəndən sonra bu əskikliyin məhz Paul Walker-in olduğunu gördüm. Təbii ki, bu əskikliyi doldurmaq qeyri-mümkündür. Aktyor vəfat edib və bunu dəyişmək olmaz. Əslində rejissor F. Gary Gray-ə minnətdarlıq bildirmək lazımdır. Belə ki, o, Paul Walker-in yoxluğunun hiss olunmaması üçün əlindən gələni edib. Digər izləyicilər barəsində heçnə deyə bilmərəm. Şəxsən mənim fikrimcə yeni filmdə onun yeri görünürdü. Nəzərinizə çatdırım ki, bu sonuncu film deyil. Bizi hələ 9-cu və 10-cu hissə gözləyir. Fikrimcə 3-cü filmdən sonra seriyanın əsas mövzusu olan küçə yarışları, film seriyasından yoxa çıxdı və bütün hekayələr, gizli casuslar haqqında olan filmlərdəki hadisələrə bənzədi. Heç bir fiziki qanuna tabe olmayan avtomobillər, partlayışlar, adrenalin dolu səhnələrin olduğu müddətcə bu film seriyası gəlirli olacaq və izləyicilər onu izləməkdə davam edəcəklər. Filmdə baş verənlərin məntiqsizliyini nə dərəcədə qəbul etsək də onları izləyəcəyik. Çünki onlar bizi əyləndirirlər. Əsas məqsəd isə budur. Hətta bütün bu fikirlərimdən sonra belə mən 9-cu və 10-cu hissələri maraqla gözləyirəm. Lakin bu icmalda mən "The Fast and the Furious” seriyasının bir sıra problemlərinə toxundum. Təbii ki, bu filmi izləməyə dəyər. Bəli o, 7-ci hissədən zəif alınıb. Lakin bununla belə izləyicini həyəcanda saxlamağa qadirdir. Ən əsas da filmi məhz IMAX formatında izləməyi məsləhət görürəm. Avtomobillərin vəhşi motorlarının bütün gücünü hiss etmək baxımından, IMAX formatından daha yaxşısı yoxdur. ParkCinema IMAX isə bu xidməti təqdim edir. Bu filmin ParkCinema-dakı seansları haqqında məlumatları bu linkdən əldə edə bilərsiniz. Sonda isə filmdə reallaşdırılmış avtomobil səhnələrinin real həyatda edilməsi heç məsləhət görülmür. Əslində real həyatda reallaşdırılması üçün fiziki qanunları pozmalısınız. Bu isə qeyri-mümkündür.
    Linki kopyala