main-post-cover

    Sosial şəbəkələrdən istifadəni dayandırsaq, nə baş verər?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Bu gün sizlərə çoxumuza maraqlı olan bir təcrübə və bu təcrübədən qaynaqlanan məqaləni təqdim edəcəm. Həyatımıza bu qədər təsir edən texnologiyanın nəticələri olan sosial şəbəkələrdən istifadəni müvəqqəti bir neçə gün dayandırsaq nə baş verər?
     
    Bu sual həmişə məni düşündürürdü və test etməyə qərar aldım. İlk vaxt fikirləşmişdim ki, 3 gün bütün sosial şəbəkələri deactive edim. Qeyd edək ki, sosial şəbəkə deyəndə facebook, twitter, +google, whatsapp, instagram kimi şəbəkə platformaları nəzərdə tutulur. Whatsapp və instagramı aylar əvvəl işlətmirdim. Digərlərini mütəmadı olaraq işlədirdim. Facebook'da izlədiyim xeyli maraqlı səhifə və profillər var idi, hansılar ki, bəzən çox yaxşı məqalələr təqdim edirdilər. Bütün bunlara baxmayaraq 5 gün ərzində hamısını deactive etdim. İndi isə dəyişən faktorlara və bu 5 gün ərzində nələr baş verdi sualına baxaq.
     
     
    Hamısını deactive edəndə qəribə bir rahatçılıq hiss elədim. Həmçinin hiss edirdim ki, öyrəşmək biraz çətin olacaq. Çünki hər səhər gələn bildirişlərə və mesajlara maraqla baxmaq müvəqqəti olaraq olmayacaq. İlk günü biraz sıxılma oldu. Email və bəzi saytlara bir müddət baxandan sonra daha çox sıxılma yarandı və daha maraqlı bir şeylər tapmağa məcbur elədi. Məsələn fikirləşdim bu vaxta kimi etmədiyim və ya çox az etdikləri bir daha edim. İlk olaraq musiqi zövqümü bir qədər dəyişdim. 1980-cı illərin soft rock'na qulaq asırdım və çox xoşuma gəlirdi. Həmçinin bu dəyişikliyi filmlərdə də etmək qərarına gəldim və 1970-80-ci illərin fransız filmləri ilə maraqlandım. Axşam isə həmişə yatmamışdan azı 1 saat əvvəl telefon ilə məşğul olurdum, indi isə axtarıb maraqlı bir məqalə tapmışdım (səhv etmirəmsə Hegel dialektikası idi) və onu oxumuşdum. Həftə içi adətən hər gün məqalə oxumuram, amma bu beş gündə hər gün ən azı 1 məqalə oxumağı qarşıma məqsəd qoymuşdum və əməl etmişdim. Artıq sosial şəbəkələr yox idi, vaxt var idi və bu vaxt daha çox maraqlı bir şey etməyə məcbur edirdi. 
     
      İkinci gün çox rahat keçmişdi, Ya kitab oxuyurdum, ya arada bir internetdə kiçik axtarış edirdim, ya da film və mahnı. Artıq 2 gün idi ki, kimsəyə heçnə yazmırdım və heç kimdən mesaj, bildiriş almırdım. Çoxları təcrid olunma və asosial olmaq kimi fikirləşə bilər, əslində mən də əvvəl elə fikirləşirdim, lakin yaşayanda belə olmadığını gördüm. Gündəlik olaraq maraqli bir şeylər öyrənib kəşf edirsən və görüşəndə bunları dostlarına danışırsan və maraqla sənə qulaq asırlar. Məncə bu təcrid olunma deyil. Çünki ancaq sosial şəbəkələri dayandırmışdım, interneti yox. Amma arada bir, xüsusilə facebook üçün darıxırdım. Çünki ora demək olar ki, əgər faydalı şəkildə işlədilirsə, bir çox xəbərlərin, məlumatların sistemləşdiyi yer idi. Onu da qeyd edim ki, bu darıxma çox qısa olurdu,fikirləşirdim lazım olanları sosial şəbəkələr olmadan da əldə edə bilərəm.
     
      Əvvəl 3 gün fikirləşirdim, amma belə maraqlı olduğu üçün biraz da vaxtı uzatmağa qərar aldım. Ancaq yeni problemlər yaranmışdı. Yaxın və nisbətən yaxın olduqlarıma maraqlı idi nə baş verib. Çünki heç kimə heç nə demədən etmişdim. Bəziləri fikirləşirdi depresiyaya düşmüşəm, bəziləri də fikirləşirdi yəqin ciddi nəsə baş verib. Hətta bəziləri bunu hansısa bir qızla münasibətə görə olduğunu fikirləşirdi :D Insanları fikirlərinə görə asanlıqla tənqid edə bilmərik, ehtimallara əsasən deyirdilər. Və beləliklə telefona zəng və mesajlar gəlməyə başladı. Hər kəsi də inandırmaq lazım idi ki, heç nə olmayıb. Xeyli yorucu iş idi. Dayana bilməyib 5 gündən sonra active elədim. Active etməyimin əsas səbəbi bu zəng və mesajlar olsa da, digər bir maraqlı səbəbi isə müqayisə edərək nə qazandığımı və nə itirdiyimi görmək idi. Yuxarıdakıları ümumiləşdirsək:
     
    Qazandıqlarım - xeyli vaxt, maraqlı vaxt keçirmək, çoxlu yeni şeylər kəşf etmək, telefon və digər elekron cihazlardan asılılığın xeyli azalması. 
     
    Bəzi mənfi cəhətləri də oldu, məsələn facebook vasitəsilə qarşıma çxan bir çox maraqlı məlumatların əksəriyyətini saytlar vasitəsilə tapa bilmirdim. Çünki saytlar dağınıq kimi idi, facebook'da isə səhifələr gündəlik paylaşım edəndə hamısı görünürdü. Yeni şeylər kəşf etsəm də, əvvəlkilər qədər əhatəli deyildi. Bunu ilk günü girəndə hiss elədim. Qaçırdığım xeyli xəbər, informasiya var idi. Digər bir problem isə ehtiyac yarananda, yaxud nəsə bir şey istəniləndə kimsəyə yaza bilməməyim idi. Bu gün bir çox planlarımızı sosial şəbəkələr vasitəsilə digərlərinə çatdırıb həyata keçirdirik. Bunlar olmadıqda çətin idi. Ancaq ünsiyyət üçün telefondan istifadə etmək həm sərfəli deyildi, həm də rahat. Beləliklə:
     
    İtirdiklərim - gündəlik geniş,əhatəli informasiya ala bilməməyim, zəruri olduqda ünsiyyət çəkməkdə çətinlik və ehtiyacları olan şəxslərin məni tapmaqda çətinlik çəkmələri.
     
     
    Nəticə və tövsiyə kimi deyə bilərəm ki, sosial şəbəkələrdən lazımı qədər istifadə etmək lazımdır. Deactive etmək bir çox müsbət nəticələr versə də, mənfiləri də yaradır. Mənfiləri aradan götürmək və müsbətləri əldə saxlamaq üçün ən uyğun yol, fikrimcə, vaxtın düzgün tənzimlənməsi və balanslaşdırılmasıdır. (xarici siyasətimiz kimi yox :D) Ola bilər bu testi siz etsəniz, fərqli nəticələr və fikirlər yarana bilər. Bunlar mənim müşahidə və təcrübə etdiklərim və ümumi şəkildə onların nəticəsi olaraq bildirdiyim fikirlər idi.
     

     


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər