main-post-cover

    MobChannel, Keepface, MediaMark - 3-ü birində!

    Elm & Texnologiya
    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
    Vaqif Abbasov və Orxan Rzayev. Sadalanan hər 3 şirkətin arxasında bu 2 şəxs dayanır. Vaqif Abbasov-u startap bazarında tanıdığımız qədər Orxan Rzayev rəqəmsal marketinq bazarından bizə tanışdır. Belə bir vəziyyətdə dayanmadan təşəbbüslər həyata keçirən bu 2 şəxs hansı şirkətlər vasitəsilə bazarda pay götürürlər?

    Əsasən Manads layihəsi ilə məşhurlaşan Vaqif Abbasov qısa zamanda bazarda uğur qazanmağa başladı. Hətta bəzi mənbələrin iddiasına görə sahibkarlar öz layihələrinin icrası üçün investisiya belə almışdılar. Telefonunuza gələn zənglər və sms-lər zamanı sizin telefonunuzun ekranına reklam çıxardan tətbiq bunun əvəzində sizə hər reklama görə 2 qəpik verirdi.
     
     
     
    Uzun müddət bazarda qala bilməsə də xərclənən invesisiyanın bir hissəsini qazanan Manads Azərbaycan bazarında fəaliyyətini dayandırdı. Azərbaycan bazarı dedikdə sual oluna bilər ki, bu layihə məgər xarici bazara çıxmışdıki? Cavab, yox. Sadəcə əldə olunan məlumatlarda bildirilir ki, layihənin sistemi bəzi Afrika ölkələrinə satılıb və orada sınaqdan keçirilir və Azərbaycan bazarı buna uyğun olmadığı üçün ölkəmizdə fəaliyyəti başa çatıb. Köhnə layihəni qoyaq bir kənara gələk əsas 3 məsələyə. 

    MobChannel ilə bazara yeni nəfəs gətirmək istəyən sahibkarlarımız görünür bu layihəni də bir müddət sonra dayandıracaqlar. Əsas ideya olaraq Azərbaycanda insanları çoxlu xəbər saytlarına ayrılıqda daxil olmaqdan xilas etmə prinsipinə əsaslanan Mobchannel gündəlik 500 aktiv istifadəçiyə sahibdir. Bu tətbiqin vasitəsilə izləyicilər öz maraq dairələrinə uyğun kanallar seçə bilər və maraq dairələrinə uyğun xəbərləri oxuya bilərlər. Google Play-də cəmi 1000+ yükləmə sayına çata bilən bu layihənin gələcəyi heç də parlaq görünmür.
     
     

    RSS vasitəsilə xəbər saytlarından xəbərləri tətbiqə inteqrasiya edən bu mobil əlavə hətta İCT Fondu tərəfindən qrantla mükafatlandırılmışdı. Dünyada da bu tipli tətbiqlərin geniş yayılmasına baxmayaraq layihə müəllifləri uzunmüddətli dövrdə bu startapdan qazanc gözləyirlər. Təkcə xəbərlər ilə kifayətlənməyərək gələcəkdə başqa xidmətlərin də əlavəsini planlaşdıran MobChannel hal hazırda Orxan Rzayev-in rəhbərliyi altında startap yarışmalarına qoşulur. Tətbiqi buradan yükləyə bilərsiniz.

    Keepface - ideya olaraq influencer marketinq prinsiplərinə əsaslanan bu startap bir neçə yarışmada iştirak etsə də hələ ki, investorların (əgər varsa) marağını cəlb edə bilməyib. Məşhur sosial şəbəkə istifadəçiləri yaxud bu qəbildən olan kütləyə təsir edə biləcək insanlar ilə brendləri bir araya gətirən bu platforma əslində dünyada məşhurdur. Belə bir platformanın lokallaşdırılmasını doğru addım saymaq olar. Məşhur brend və şirkətlər Keepface-in avtomatlaşdırılmış xidmətlərindən istifadə etməklə özlərinə lazım olan influenser şəxsləri seçə bilər və onların reklam haqqını ödəməklə məhsullarını kütləyə rahat çatdıra bilərlər. Hamed-in kollektivə qoşulması ilə İran bazarına da daxil olan bu layihə MDB məkanını da hədəf alır. Azərbaycanda bu biznesin nə dərəcədə uğurlu ola biləcəyinin proqnozunu vermək əslində çətin məsələdir.
     
     
     
    Dünya praktikasında son vaxtlar çox istifadə edilən bu kanal ənənəvi olaraq Azərbaycana çox yadmış kimi görünür. Bir neçə şirkətlə Azərbaycanda əməkdaşlıq etməklə məhsulları gizli bir şəkildə reklam edən Keepface ictimaiətdən hələ ki, gizlənir. Bu da əslində başa düşülən məsələdir. Şirkətin fəaliyyət sahəsi B2B olduğundan doğru yolda olduqlarını deyə bilərik. Digər layihələrinə nisbətən Vaqif Abbasov-un bu platformasını daha gəlirli və real biznes kimi dəyərləndirə bilərik. Qarşılarına qoyduqları hədəfə çatacaqları halda yaxşı pul vəd edən bu layihə hələ bir müddət diqqətimizdə olacaq. Ətraflı məlumat üçün: keepface.com

    MediaMark -  Bu haqda kifayət qədər məlumatınız olmaya bilər. Çünki, sözügedən bu şirkət B2B rəqəmsal reklam xidmətləri verən bir şirkətdir. Vaqif Abbasov və Orxan Rzayev-in ortaq layihəsi kimi görünən bu şirkətin əsasında sözsüz ki, Orxan Rzayev dayanır. SMM sahəsində kifayət qədər təcrübə və biliklərə sahib olan Orxan Rzayev hətta bu sahədə təlimlər verir. Şirkətlərin SMM xidmətlərini üzərinə götürən MediaMark, brendlərin hədəf kütləyə çatmasında yardımçı olan standart biznes növüdür və bazarda bu şirkətin kifayət qədər irili, xırdalı rəqibləri var. MediaMark-ın isə Orxanı var deyə bilərik. Öz bloqu vasitəsilə çap etsən kitab alınacaq bir səviyyədə faydalı məlumatlar yazan Orxanın əsas işi məhz elə bu şirkətdədir.
    Daha çox məlumat: orkhanrza.com

    Yazılanlara əsasən müəyyən bir nəticə çıxarsaq kimin hansı layihədə olduğu əslində bilinmir. Vaqif Abbasov-un bütün layihələrdə payı olduğunu açıq aydın görmək elə də çətin məsələ deyil. Son vaxtlar Hamed-in də Keepface-in siması kimi tez-tez yarışlarda görünməsi də təsadüfi deyil. Görünən odur ki, işləri arxa plandan idarəetməyi sevən Vaqif Abbasov-un maraqlı planları var.
    Linki kopyala