main-post-cover

    "Ghost in the Shell" filmi (İCMAL)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    İlk öncə onu qeyd edim ki, Masamune Shirow-un 1989-cu ildə yaratdığı Ghost in the Shell mangası ilə şəxsən yaxından tanış deyiləm və onun əsasında çəkilmiş eyniadlı animeni izləməmişəm. Bu baxımdan sözügedən film barəsində fikri adi izləyici gözündən bildirəcəm. Bu müəyyən mənada mənə asan olacaq. Çünki adətən hər-hansı bir kontentin orijinal mənbəsi ilə tanış olandan sonra onun haqqında çəkilmiş filmə fikir bildirmək bir qədər çətin olur. Bu hal ilə mən hələ "The Martian” filmində qarşılaşmışdım. Bütün Ghost in the Shell pərəstişkarlarından öncədən üzr istəyirəm. Çünki ola bilər ki, film barəsində olacaq fikirlərim onları sevindirməsin. Belə ki, onların bu filmdən gözləntiləri çox böyük idi. Bununla belə film barədə tam obyektiv fikir bildirməyə çalışacam. İlk öncə onu qeyd edim ki, "Ghost in the Shell” filminin məhz Hollywood tərəfindən çəkiləcəyini biləndə bir növ buna etinasızlıq və qorxu ilə yanaşmışdım. Baxmayaraq ki, mən bu kontentin orijinal mənbəsi ilə yaxından tanış deyiləm. Etinaszılıq ona görə yaranmışdı ki, istər-istəməz bu kontentin orijinal mənbəsi ilə tanış olmasam da, Ghost in the Shell-in, Yaponiya-nın pop mədəniyyətinə aid olduğunu bilirdim. Burdan doğan qorxu isə ondan ibarət idi ki, Hollywood nəinki digər ölkə kinematoqrafiyasından olan maraqlı filmləri, hətta öz keçmiş filmlərinin belə remake-ni uğurla çəkə bilmir. Misal olaraq 2013-cü ildə çıxmış "Oldboy” filmini gətirə bilərəm. 2003-cü ildə izləyicilərə təqdim olunmuş Cənubi Koreya istehsalı orijinal "Oldboy” filmi mənim ən sevdiyim filmlərdən biridir. Və 2013-cü ildə rejissor Spike Lee, bu möhtəşəm filmin çox bərbad və uğursuz remake-ni hazırlamışdı. Əslində "Ghost in the Shell”dən də həmin uğursuzluğu gözləyirdim. Çünki birincisi rejissor Rupert Sanders daha əvvəllər böyük olmayan filmləri ilə tanınmamış bir rejissordur. İkinci isə, dediyim kimi Hollywood-un öz standartlarını qoyacağı gözləntisi var idi.
    Lakin bütün bunlara baxmayaraq filmi izlədim. Bir çox mənfi gözləntilərimə baxmayaraq film məni yaxşı mənada təəccübləndirdi. İlk öncə qısa olaraq filmin süjet xətti barədə qısa məlumat verim. Yaxın gələcəkdə insan ilə kompüter arasında heç bir sərhəd qalmır. İnsanlar öz bədənlərini müxtəlif texnoloji implantlar vasitəsilə təkmilləşdirirlər. Süni zəka isə artıq real görünən bir texnologiyaya çevrilir. Bu cür texnologiyaların fonunda sintetik bədənə və insan beyninə sahib olan mayor Mira (filmin baş qəhrəmanı) 9-cu bölmə adlı təşkilatda çalışır. Günlərin birində neyroimplantlara sahib insanları uzaq məsafədən hack etməyi bacaran gizli kiberterrorçu ortaya çıxır. Mayor Mira-nın əsas hədəfi həmin kiberterrorçunu ələ keçirtmək olur. Qeyd etmək istəyirəm ki, 1985-ci ildə işıq üzü görmüş mangada əsas personajın adı mayor Mira deyil, mayor Kusanagi-dir. Bu baxımdan əslində filmdə baş rolu Asiya mənşəli aktrisaya vermək daha məqsədəuyğun görünür. Lakin filmi izlədikdə sözügedən baş rolun öhdəsindən Scarlett Johansson-un əla şəkildə gəldiyini görmək olar. Film boyu məni bir hiss narahat edirdi. Sanki Sacrlett Johansson-un "Lucyfilmindəki personajı "Ghost in the Shell”-in dünyasına inteqrasiya edib. Belə ki, biz, baş personajda heç bir emosiyaya rast gəlmirik. Əslində onun sintetik bədənə sahib olması bunun əyani sübutu kimi görünə bilər. Xeyr bu heçdə mənfi bir fikir deyil. Sadəcə olaraq bu hissi film ərzində yaşayırsan. Filmi izləyən zaman başa düşürsən ki, filmin yaradıcıları əslində bu dünyanın fəlsəfəsini anlayırdılar və bundan istifadə edərək maksimal şəkildə orijinal kontentə hörmətlə yanaşıblar. Kiberpunk tərzi, filmdə çox yaxşı hiss olunur. İnsanların geyim tərzləri, istifadə etdikləri virtual reallıq cihazları, müxtəlif robotlar, şəhərdə olan uzun və qalın məftillər, şəhər xarabalıqları. Bütün bunlar filmdə çox yaxşı əks olunub və izləyicinin məhz kiberpunk aləmdə olduğunu hiss etdirir. Əslində filmin süjet xətti, klişe anlardan ibarətdir. Bu klişe anları biz, 2014-cü ildə çıxmış "RoboCop” filmində də görmüşdük. Hər iki filmin müəyyən mənada süjet xətti eyni görünsə də, "Ghost in the Shell” filmi öz rəqibini daha da qabaqlayır. Hətta filmdə, anime serialdan olan bir çox səhnələr də reallaşdırılmışdır. Məsələn mayor Kusanaginin yüksək göydələndən tullanması və ya su üzərində düşmənlə döyüşü.
    Filmin digər personajları da çox maraqlı və yadda qalan alınıblar. Batou obrazını canlandırmış aktyor Pilou Asbaek də öz rolunun öhdəsindən yaxşı gəlib. İnsanları deyil, məhz itləri sevən Batou obrazı filmdən sonra belə mayor Mira obrazı ilə yanaşı xoş təsir bağışlayır. Ayrıca olaraq əfsanəvi aktyor Takeshi Kitano-nu qeyd etmək lazımdır.Təbii ki, bu cür kontentin ekranlaşdırılması zamanı Asiya mənşəli heç olmasa bir aktyoru da cəlb etməmək mümkün deyildi. Bu baxımdan Takeshi Kitano kimi aktyoru, filmə cəlb etmək əla fikirdir. Takeshi Kitano, filmdə 9-cu bölmənin rəisi rolunda çıxış edir. Onun yalnız bəzi anlarda görünməsinə baxmayaraq, aktyor öz şarmı ilə filmi daha da cəlbedici edir. Bundan əlavə olaraq kiçik və qayğıkeş həkim obrazı ilə aktrisa Juliette Binoche-ni də unutmaq olmaz. Filmdə kiberterrorçu Kuze, digər filmlərdə olan mənfi obrazlardan fərqli olaraq daha məntiqli motivlərə sahibdir və hətta onun mənfi obrazda olmasına baxmayaraq müəyyən mənada onun halına yanırsan. Kiberpunk tərzli filmlərdə əsasən bir çox sosioloji suallara toxunulur. Məsələn süni zəkanın vacibliyi, insanın öz bədəninin texnoloji implantlar vasitəsilə təkmilləşdirməsi, insan ilə kompüterin birləşməsi və adətən bu cür filmlərdə əks olunmuş insan gələcəyinin nə dərəcədə arzuolunan olması. Bu suallara "Ghost in the Shell” filmi də toxunur. İnsan beynini sintetik bədənə yerləşdirəndən sonra o insan sayılırmı? Sayılırsa onunla necə rəftar etmək lazımdır? Bu suallar film boyu ağlımda fırlanırdı və mən onlara cavab tapmağa çalışırdım. Əslində filmdə təqdim olunmuş insan gələcəyi həqiqətən də çox qorxudur. Kompüterdən əlavə olaraq hətta adi insanın belə hack oluna bilməsi mümkünlüyü, insanı bu cür gələcək istəyindən uzaqlaşdırır. Film bunu çox yaxşı yerinə yetirir. O, texnoloji təkamülün səhv istiqamətdə gedəcəyi halda nələrin baş verəcəyini yaxşı şəkildə əks etdirir. Buna görə də film ayrıca müsbət fikirlərə layiqdir. Sonda qeyd etmək lazımdır ki, ilk öncə filmin Hollywood tərəfindən çəkildiyini bildiyimə və mənfi gözləntilərimin olmasına baxmayaraq o məni həqiqətən də təəccübləndirdi. Bəli, filmdə bir sıra süjet klişeləri olsa belə və filmin yaradıcılarının, orijinal manganın fəlsəfəsini tam olaraq əks etdirə bilməmələrinə baxmayaraq nəticə etibarilə maraqlı kiberpunk tərzli film alınıb. Əvvəldə də qeyd etdiyim kimi mən orijinal manga və anime serial ilə yaxından tanış olmadığım üçün film barədə rahat fikir bildirə bilirəm. Bəlkədə sözügedən kontentlərlə tanış olsaydım, film məndə mənfi fikirlərə yol açacaqdı. Bu baxımdan yəqin ki, "Ghost in the Shell” pərəstişkarları məni başa düşə bilərlər. Mən, filmi IMAX formatında izlədim. Əslində bu cür filmin vizual özəllikliklərini hiss etmək üçün IMAX formatından yaxşı variant yoxdur. Əgər həmin hissləri siz də yaşamaq istəyirsinizsə, onda bu filmi ParkCinema IMAX-da izləməlisiniz. Filmin seansları barədə məlumatları isə bu linkdən əldə edə bilərsiniz.
    Linki kopyala