main-post-cover

    Azərbaycanda səhayət xərclərinizi azaldacaq "carpooling" platforması - YolGet

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "YolGet.az" - Azərbaycanda "carpooling" xidmətini təqdim edən yerli startapdır. Sayt 2016-cı ildən istifadəçilərin xidmətinə verilib və hazırda inkişaf mərhələsindədir. Bilməyənlər üçün qeyd edək ki, "carpooling" səyahət xərcinin bir neçə fərd arasında bölüşdürülməsidir. Yəni sizin avtomobiliniz var, harasa gedirsiniz və əgər başqa bir insan da həmin yerə getmək istəyirsə və sizinlə birlikdə səfər edirsə, bu - "carpooling" hesab edilir. Bu xidmət dünyanın bir çox inkişaf etmiş regionlarında, ABŞ, Kanada, Avropa, Avstraliya və hətta qonşu Türkiyə və Rusiyada da məşhurdur. Maraq üçün qeyd edək ki, 2009-cu ildə ABŞ ərazisində baş tutan səyahətlərin 43.5%-i "carpooling" ilə həyata keçirilmişdir.

    "YolGet.az", "carpooling" xidməti olaraq istifadəçilərə bir neçə faydalı üstünlüklər verir. Xidmətdən istifadə etməklə:

    1. Büdcənizə qənaət edirsiniz - Həm sərnişinlər, həm də sürücülər səyahət xərclərini digərləri ilə bölüşürlər.

    2. Vaxtınıza qənaət edirsiniz - Xarici ölkələrdə sırf "carpooling" edən avtomobillər üçün xüsusi zolaq salınmışdır, hansı ki, demək olar ki, həmişə tıxacdan azad olur. (niyə də Azərbaycanda olmasın?!)

    3. Avtomobilinizin ömrünü uzadırsınız - Hər dəfə öz avtomobilinizlə yol getmək əvəzinə, bu səyahətlərin bəzilərini başqasının avtomobili ilə etdikdə, öz avtomobilinizi daha az istifadə edilmiş olur.

    4. Ətraf mühitin təmiz qalmasına kömək edirsiniz - 3 avtomobili olan 3 sürücü bir avtomobillə "carpooling" edirsə, bu, həmişəkindən 2 avtomobil daha az deməkdir, yəni daha az zərərli qaz.

    5. Tıxacların azaldılmasına yardım edirsiniz -  Eynilə yuxarıdakı misal kimi, 3 nəfər bir avtomobildə, yəni 2 avtomobil daha az.

    6. Stressi azaldırsınız - Hər gün sükan arxasında tıxaclarda hamının əsəbləri korlanır. Eyni zamanda, tək və sıxıcı səyahətlərdən də qurtulmuş olursunuz.

    YolGet-dən necə istifadə etmək olar?

    Bu, asan və sadə bir prosesdir. Əvvəlcə saytda qeydiyyatdan keçirsiniz və özünüzə profil yaradırsınız. Bu mərhələdə sizdən adınız, soyadınız, şifrəniz və s. kimi ümumi məlumatlar tələb olunacaq. Qeydiyyat bitdikdən sonra isə ya sürücü, ya da sərnişin kimi elan verirsiniz.
     
    Elan yerləşdirərkən müxtəlif xanaları doldurmalı olacaqsınız: bunlara getmək istədiyiniz yer, səhayətinizin vaxtı, əgər sürücüsünüzsə, avtomobilinizin modeli, hər bir sərnişin üçün üçün nəzərdə tutduğunuz səfər xərcinin məbləği və s. daxildir.
     
    Elanı yerləşdirdikdən sonra isə sizə sadəcə gözləmək qalır. Əgər sizin elanla maraqlanan şəxslər olarsa, onlar sizə səyahət xərcini paylaşmaq üçün təklif göndərəcəklər və siz bu barədə bildiriş alacaqsınız.

     
    Eyni proseduru siz də edə bilərsiniz: Axtarış bölməsində hazır olan elanları ümumən axtara və ya əsas səhifədən sizə lazım olan məntəqələr arasında marşrutların olub-olmamasını yoxlaya bilərsiniz. Nəzərə alın ki, elanı yerləşdirərkən siz onun günlük, təkrarlanan və ya təcili olduğunu qeyd etməlisiniz. Təkrarlanan elanlara həftənin bir neçə günü təkrar-təkrar həyata keçən marşrutlar daxildir. Günlük elanlara isə spesifik səfərlər, məsələn üçün, hansısa rayona və ya şəhərdaxili məntəqəyə ayın hər hansı bir günü baş tutacaq səfərlər daxildir.
     
    Bu növ elanlar yalnız bir tarix üçün nəzərdə tutulur və təkrarlanmır. Bu elanları həm də "təcili” olaraq da qeyd edə bilərsiniz. Tutaq ki, iş vaxtınızın bitməsinə yarım saat qalmış sizə bildirilir ki, sabah saat 3-də Quba rayonuna getməlisiniz. Bu halda, YolGet-də bu barədə elan verirsiniz və elanı "təcili” olaraq işarələyirsiniz. Yox əgər səfəriniz bir neçə gün sonraya planlanıbsa, elanı "təcili” olaraq işarələməyə də bilərsiniz.

    "YolGet.az" fəaliyyətə başladığı vaxtdan bir çox maraqlı və təqdirəlayiq məqamlarla qarşılaşmışdır. Bunlara Azərbaycanın bölgələrinə, hətta Rusiya Federasiyasına səfər edən və heç bir xərc tələb etməyən sürücülər, hər gün 20 Yanvar metrosundan Bakı Dövlət Universitetinə gedən, özünə səfər yoldaşı axtaran və xərc tələb etməyən sürücülər və bu kimi başqa maraqlı hallar daxildir. Bu həm layihə rəhbərlərini, həm də sayt istifadəçilərini sevindirən hallardır. Yəqin ki, saytda hələ çox bu tipli elanlar yerləşdiriləcəkdir.


     
    YolGet həm sayt, həm də mobil əlavə (application) formasında fəaliyyət göstərir. Siz www.yolget.az saytına daxil olmaqla yanaşı, "App Store""Google Play"dən də YolGet-in mobil əlavələrini yükləməklə, xidmətdən yararlana bilərsiniz. Mobil əlavələr tamamilə pulsuzdur və istənilən telefon modeli üçün uyğunlaşdırılıb.


    Linki kopyala